...

Qarabağ danışıqları futbol matçı zamanı aparıla bilməz - Milli Məclis üzvü

Siyasət Materials 30 Avqust 2008 23:01 (UTC +04:00)
Qarabağ danışıqları futbol matçı zamanı aparıla bilməz - Milli Məclis üzvü

Azərbaycan, Bakı, 30 avqust / Trend müxbir S.Kazımlı/ Düşünmürəm ki, Türkiyə prezidenti Abdulla Gül Yerevana səfər edəcək. Bunu Milli Məclis üzvü Məlahət Həsənova mətbuatda Türkiyə prezidentinin sentyabrın əvvəllərində Ermənistana səfər edəcəyinə dair yer alan məlumatları şərh edərkən bildirib. Gülün Ermənistan və Türkiyə futbol yığmaları arasında Yerevanda keçiriləcək matçına tamaşa edəcəyi gözlənilir.

Həsənovanın sözlərinə görə, Azərbaycanla Türkiyənin ortaq maraqları var. "Bu məsələ ilə bağlı Azərbaycan cəmiyyətində narahatçılıq hökm sürür", - deyə o vurğulayıb.

Deputat hesab edir ki, Gülün Yerevana dəvət edilməsi yalnız Ermənistanın maraqlarına xidmət edə bilər. "Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edincə, biz onlarla hər hansı diplomatik əlaqələr qurmayacağıq. Şübhəsiz ki, Qarabağ danışıqları aparılmalıdır. Amma bu problem futbol matçı zamanı müzakirə edilə bilməz", - deyə o bildirib.

Həsənova qeyd edib ki, Gürcüstandakı olaylarla əlaqədar Ermənistandakı durum gərginləşib. "Ona görə də Sarkisyan Türkiyə prezidentindən sərhədlərin bir neçə günə açılmasını xahiş edib", - deyə o vurğulayıb.

Deputat həmçinin əlavə edib ki, Türkiyə prezidentinin Sarkisyanın ayağına getməsini heç cür başa düşmür və qəbul etmir.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti