Azərbaycan, Bakı, 2 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Bakının Nərimanov rayonu ərazisində yerləşən Əbu-Bəkr məscidini partlatmaqda şübhəli bilinən şəxslərin adlarını açıqlayıb.
"MTN tərəfindən bu cinayətin tezliklə açılması istiqamətində keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, cinayətdə şübhəli bilinən şəxslər, əslən Zaqatala rayonundan olan, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən, özünü "Dağıstan camaatı"nın əmiri elan edən "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyev, onun qaynı "Suleyman" ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan radikal dini təmayüllü digər şəxslərdir", bu barədə çərşənbə axşamı MTN və Baş Prokurorluğun birgə yaydığı məlumatında qeyd olunub.
Trend -un arayışı: Bu ilin avqust ayının 17-də saat 20:50 radələrində Bakı şəhəri Ülvi Bünyadzadə küçəsində yerləşən "Əbu-Bəkr" məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 18 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib.
Hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerində olmuş, həmin qurumların əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Faktla bağlı Bakı şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın sonrakı gedişatı zamanı baş vermiş cinayət hadisəsində terrorçuluq əlamətləri olduğundan istintaqın aparılması Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə həvalə edilmişdir.
Birgə məlumatda bildirilir ki, hələ 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən "Meşə qardaşları" adlı silahlı birləşmə zərərsizləşdirilmiş, onun 17 nəfər üzvü, o cümlədən liderlərindən biri - "Əbu Cəfər" ləqəbli Naif Abdulkərim Əl-Bedevi həbs edilərək məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar. Həmin silahlı birləşməyə başcılıq edənlərdən biri İlqar Mollaçiyev, onun qaynı Samir Mehdiyev və qeyriləri barəsində isə cinayət təqibi davam etdirilmişdir.
Məlum olmuşdur ki, İlqar Mollaçiyev və Samir Mehdiyev "Meşə qardaşları" adlı silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, respublikanın şimal rayonlarında qanunsuz hərbi birləşmələr yaratmağı və ümumən Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırmışlar.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu cinayətkar niyyətlərin qabaqlanması üçün xüsusi əməliyyat hazırlanaraq həyata keçirilmişdir. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində 13 nəfər yaxalanaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş və barələrində həbs qətimkan tədbiri seçilmişdir. Onlara məxsus çoxlu sayda odlu silah və döyüş sursatı, partlayıcı qurğular və sxemləri, hazırlanma təlimatları, xüsusi rabitə vasitələri, müxtəlif xəritələr, dağ-meşə şəraitində döyüş taktikası üzrə metodiki vəsaitlər, hərbi təyinatlı ləvazimatlar və sair aşkar olunaraq götürülmüşdür.
Həmin şəxslərdən Sumqayıt şəhər sakinləri - Taleh Məhərrəmov və Samir Babayev üzv olduqları silahlı birləşmənin fəaliyyəti, plan və niyyətləri barədə ətraflı ifadələr vermişlər. Belə ki, onlar uşaqlıq dostları olan Samir Mehdiyev və digərləri ilə bir yerdə dini mövzuda söhbət edərkən "Əbu Bəkr" məscidində ibadət edənləri qınamış, onları İslam dinindən kənar saymış və cihad etmək barədə fikir mübadiləsi aparmışlar. Bununla əlaqədar, Azərbaycanda cihad etmək məqsədilə Samir Mehdiyev İlqar Mollaçiyevin göstərişinə əsasən, dini radikallığa meyilli şəxslərdən ibarət "Meşə qardaşları" adlı silahlı birləşmənin fəaliyyətini yenidən bərpa etməyə çalışmışdır.
Bu məqsədlə Samir Mehdiyev dini radikallığı ilə seçilən dostları - Taleh Məhərrəmov, Samir Babayev, Fariz Məmmədov, Elşən Allahverdiyev, Zabit Şıxbabayev və digərləri ilə yenidən əlaqə yaratmışdır. Azərbaycanda cihadı təşkil etmək üçün 2008-ci il iyulun 19-da İlqar Mollaçiyev, Samir Mehdiyev və daha iki nəfər Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək həmin şəxslərin yardımı ilə Bakı və Sumqayıt şəhərlərində yerləşmişlər.
İlqar Mollaçiyev və Samir Mehdiyevin planına əsasən, ümumilikdə "Meşə qardaşları" silahlı birləşməsinə daxil olan "Sumqayıt camaatı" adlı birinci qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli, "Quba və Qusar camaatı" adlı ikinci qrupun üzvləri isə respublikanın dağ-meşə massivində hərbi düşərgələr yaratmalı idilər. Bu məqsədlə silahlı dəstənin üzvləri tərəfindən artıq Azərbaycanın Quba və Qusar rayonları ərazisində xüsusi blindajlar hazırlanmış, silah və döyüş sursatı əldə edilmiş, ərzaq ehtiyatı yaradılmışdır.
Taleh Məhərrəmov və Samir Babayev ifadələrində "Əbu-Bəkr" məscidində baş vermiş hadisənin İlqar Mollaçiyev və Samir Mehdiyev tərəfindən törədilməsini yəqin etdiklərini və bu barədə fikirlərini Samir Mehdiyevə bildirdiklərini göstərmişlər. Sonuncu həmin cinayətin həqiqətən də onlar tərəfindən törədildiyini, lakin bunun gizli saxlanılmasını tapşırmışdır.
Mütəşəkkil şəkildə fəaliyyət göstərən bu dəstənin bütün üzvlərinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması, işin bütün hallarının araşdırılması üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]