...

Ümumdünya Azərbaycan Gənclər Konqresi Türkiyə prezidentini Ermənistana səfər etməməyə çağırır

Siyasət Materials 3 Sentyabr 2008 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Ümumdünya Azərbaycan Gənclər Konqresi Türkiyə prezidenti Abdulla Gülü Ermənistana səfərə getməkdən imtina etməyə və rəsmi Ankaranı əvvəlki prinsipial mövqeyini davam etdirməyə çağırır. "Biz Türkiyə prezidenti Abdulla Gülün Ermənistana nəzərdə tutulan səfərinə etiraz edirik və hesab edirik ki, Türkiyə hökuməti bir çox dövlətlərin, eləcə də erməni lobbisinin təzyiqi altında atdığı bu addımdan vaz keçməlidir", Trend -unməlumatına görə, bu barədə Ümumdünya Azərbaycan Gənclər Konqresinin çərşənbə günü yaydığı bəyanatda bildirilib.

Trend -un arayışı: Ermənistan prezidenti Serj Sarkisyan, Gülü sentyabrın 6-da Yerevanda keçiriləcək Ermənistan və Türkiyə futbol yığma komandalarının oyununa dəvət edib.

Azərbaycan, Türkiyə və Ermənistan ictimaiyyəti, Türkiyənin diplomatik münasibətləri olmayan Ermənistan prezidentinin dəvətini qəbul edib-etməyəcəyini diqqətlə izləyir.

Ermənistan ilə Türkiyə arasında diplomatik münasibətlər yoxdur, Ermənistan-Türkiyə sərhədi isə 1993-cü ildən bağlıdır. Ankara ikitərəfli əlaqələrin bərpa edilməsi üçün Ermənistanı Osmanlı İmperiyasında törədilməsi bildirən "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması siyasətindən əl çəkməyə, Türkiyənin sərhədlərini tanımağa və Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməyə çağırır.

Konqres hesab edir ki, Gülün səfəri Qarabağ döyüşlərində özlərinin yaxınlarını itirən, bu işğaldan əziyyət çəkən milyonlarla azərbaycanlıya mənfi təsir göstərəcək: "Səfər illərlə qoruyub saxladığımız və indiyə qədər inkişaf etdirdiyimiz əlaqələrə çox ciddi təsir göstərmiş olacaq".

Bəyanatda vurğulanıb ki, Azərbaycan əraziləri azmış kimi Türkiyənin də torpaqlarını tələb etməyə qalxan ermənilərlə danışıqlara gedən Gülün səfərinin hansı məqsəd daşıdığı qaranlıq olaraq qalır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti