...

Türkiyə prezidenti Ermənistana səfəri zamanı əldə olunan yenilikləri müzakirə etmək üçün Bakıya gəlir - Azərbaycan politoloqları

Siyasət Materials 8 Sentyabr 2008 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan politoloqları hesab edirlər ki, Türkiyə prezidenti Abdullah Gül Ermənistana səfəri zamanı apardığı danışıqlarda əldə olunan yenilikləri müzakirə etmək üçün Bakıya gəlir. "Türkiyə-Rusiya və Türkiyə -Ermənistan danışıqlarında əhəmiyyətli məqamlar ortaya çıxıb və onu Azərbaycan rəhbərliyi ilə yüksək səviyyədə müzakirə etməyə ehtiyac var", - deyə bazar ertəsi Trend -a müstəqil politoloq Rasim Musabəyov bildirib.

Trend -un arayışı: Türkiyə prezidenti Abdullah Gül sentyabrın altısında Ermənistana səfər edib və bu ölkənin rəhbəri Serj Sərkisyanla danışıqlar aparıb. Gül sentyabrın 10 - da Azərbaycana gələcək.

"İstər Abdullah Gülün Ermənistandan sonra Azərbaycana səfəri, istərsə də, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanlı həmkarını bazar günü Moskvaya dəvət etməsi onu göstərir ki, Ankara -İrəvan və Ankara - Moskva danışıqlarında əhəmiyyətli məqamlar yaranıb. Ona görə də Gülün səfəri adi bir səfər deyil".

Musabəyov qeyd edib ki, danışıqlarda əldə olunan yeniliklərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğu istisna deyil: "Münaqişənin həlli üçün indiyədək mövcud olan ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar heç bir nəticə verməyib. Ona görə də Rusiya özünü dünyaya pozitiv bir qüvvə kimi göstərmək üçün Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən təşəbbüslər göstərir. İstisna deyil ki, Türkiyə və Rusiyanın birgə təşəbbüsü nəticəsində münaqişənin həllində irəliləyiş əldə ola bilər".

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədr müavini Aydın Mirzəzadə bildirib ki, Azərbaycan və Türkiyə bir çox məsələlərdə birgə hərəkət etməyi artıq öz xarici siyasətlərində gündəlik normaya çeviriblər.

"Abdullah Gülün futbol oyununa baxmaq üçün Ermənistana səfər etməsindən sonra Azərbaycana gəlməsi xüsusi ilə diqqəti cəlb edir. Səfər bir çox məsələləri əks etdirir. Bura Türkiyə - Azərbaycan əlaqələrini daha da inkişaf etdirmək, Cənubi Qafqazda baş verən prosesləri müzakirə etmək və Gülün Ermənistana səfəri və əgər orada müəyyən məsələlərlə bağlı hər hansı nəticə əldə olunubsa, bununla bağlı Azərbaycan rəhbərliyi ilə müzakirə aparmaq daxildir", - deyə Mirzəzadə əlavə edib.

Müstəqil politoloq Vəfa Quluzadə isə, hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həli üçün ATƏT-in Minsk Qrupu formatında aparılan danışıqlar "Qafqaz İttifaqı" ideyası çəçivəsinə keçə bilər: "Abdullah Gül bu məsələni müzakirə etmək üçün Azərbaycana gəlir. Amma münaqişənin həlində heç bir dəyişiklik olmayacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti