...

ABŞ qüvvələrinin sayının artırılması yalnız sərhəd zonada vəziyyətin sabitləşməsinə müsbət təsir göstərəcək – Əfqanıstan parlamentinin nümayəndələri

Siyasət Materials 12 Sentyabr 2008 17:34 (UTC +04:00)

Əfqanıstan, Kabil, 12 sentyabr / Trend , A.Həkimi / Əfqanıstan milli ordusunun sayı artırılmasa və koalisiya qüvvələrinin sərhədlərə nəzarəti gücləndirilməsə, ABŞ qüvvələrinin sayının artırılmasının ölkə üçün o qədər də faydası olmayacaq.

"Əfqanıstanda koalisiya qüvvələrinin sayının artırılması problemin həlli yolu deyil", - deyə Əfqanıstan parlamentinin Qəndəhar bölgəsi üzrə nümayəndəsi və Milli Cəbhənin üzvi Nurulhəqq Ulumi Trend -a bildirib.

"ABŞ Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmiləri çərşənbə günü Konqresin iclasında bildiriblər ki, Əfqanıstandakı vəziyyət ağırdır və bu ölkəyə diqqəti artırmaq lazımdır", - deyə Amerikanın müdafiə naziri Robert Gits və ABŞ-ın Silahlı Qüvvələr Qərargahının rəisi Maykıl Molen bildirib. Onlar bu fikri ölkə prezidenti Corc Buşun səkkiz min ABŞ hərbçisini İraqdan çıxararaq 2009-cu ilin fevralına qədər Əfqanıstana göndərəcəyinə dair bəyanatından sonra söyləyiblər.

"Biz hərbi qüvvələrin sayını artırmaq əvəzinə, strategiyalar və taktikalarımızda dəyişiklik etməliyik. Mülayim davranmağı öyrənməli, Əfqanıstanda yerli qüvvələrin sayını artırmalı, onları yeni texnologiyalar və avadanlıqlarla təchiz etməliyik", - deyə Ulumi bildirib.

Bədəxşan bölgəsinin parlamentdəki nümayəndəsi Sultan Məhəmməd Örnəg də koalisiya qüvvələrinin sayının artırılması barədə fikirlərə mənfi münasibətini bildirib. Trend -a müsahibəsində qeyd edib ki, Əfqanıstan hökuməti və beynəlxalq ictimaiyyət xalqın inamını qazanmayınca, qüvvələrinin sayını və büdcələrini nə qədər artırsalar da, Əfqanıstanın təhlükəsizliyini təmin edə bilməyəcəklər.

O əlavə edib ki, koalisiya qüvvələrinin sayının artırılması ola bilsin ki, vəziyyətə müəyyən təsir göstərsin, lakin xalqda onlara qarşı nifrət qaldıqca, bu yol problemin həlli yolu ola bilməz.

"Koalisiya qüvvələri onlara qarşı çıxış edənləri aradan götürməklə problemi həll edə bilməyəcəklər, çünki zorakılıq yeni bir zorakılıq doğurur", - deyə Örnəg bildirib.

Örnəgin fikrincə, beynəlxalq ictimaiyyət, Əfqanıstan hökuməti və xalq arasında inam yaradılmasa təhlükəsizliyi təmin etmək çətin olacaq. Bundan başqa daha bir problem ondadır ki, xarici qüvvələr Əfqanıstanı yaxşı tanımır, xalqın məişətinə və adət-ənələrinə bələd deyil. Onun sözlərinə görə, Əfqanıstanda təhlükəsizliyi təmin etmək üçün bu da vacib amildir.

"Əgər yeni gələn qüvvələr Əfqanıstanın sərhədlərini qorumaq məqsədilə gətirilirsə, bu yaxşı haldır. Yox, müharibə və qarşıdurma üçün gətirilirsə, onda çox sayda problemlərlə üzləşəcəklər", - deyə parlamentin digər nümayəndəsi Seyid İshaq Gilani bildirib.

Onun sözlərinə görə, milli polis qüvvələrinə və orduya daha çox diqqət ayrılmalıdır. Beynəlxalq ictimaiyyət isə terrorizmlə mübarizədə Əfqanıstan hökuməti və xalqı ilə əlbir işləməlidir.

Əfqanıstan parlamentinin Bəğlan bölgəsindən olan nümayəndəsi Hilalüddin Hilal isə Trend - a bildirib ki, Əfqanıstan hökumət hazırki siyasətini və fəaliyyətini davam etdirəcəksə, koalisiya qüvvələrinin sayının artırılmasının mənası da yoxdur.

Onun fikrincə, ölkədə qeyri-sabitliyin tək səbəbi Taliban qiyamçıları deyil: "Dövlətin müxtəlif siyasi və ictimai məsələlərdə ədalətsiz davranması da əhalinin narazılığına səbəb olub və xalqda hökumətə qarşı inamsızlıq yaradır ki, bu da qeyri-sabitliyin bünövrəsində durur".

Parlamentin digər nümayəndəsi Rəhman Oğlu Trend -a bildirib ki, Əfqanıstanda Amerika qüvvələrinin sayının artırılmasında məqsəd terrorizmlə mübarizəni gücləndirməkdir. Onun fikrincə, bu addım Pakistanla sərhədlərdə terrorizmə qarşı mübarizəni gücləndirmək üçün vacibdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti