Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda prezidentliyə namizədlərin seçkiqabağı proqramları ilə tanışlıq məqsədilə məhkumlara radio, televiziya verlişlərinə baxmaq üçün əlavə şərait yaradılacaq. Bu haqda çərşənbə günü Trend -a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, PX - də prezident seçkisi ilə bağlı tədbirlər planı hazırlanıb və təsdiq olunub.
Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası sentyabrın 17- də başlayır və 28 gün davam edəcək.
Azərbaycanda 19 minə yaxın məhkum cəza çəkir. Onlar arasında yetkinlik yaşına çatmayanlar və əcnəbi vətəndaşlar da var.
Məlumatda bildirilib ki, həmin plana görə, məntəqələrdə təşkil olunacaq penitensiar müəssisələrdə məhkumlar, şəxsi heyət və hərbçilər üçün seçki hüquqlarının izahı ilə bağlı məşğələlər təşkil olunacaq.
Namizədlərin seçki qərərgahı tərəfindən təqdim olunmuş sənədlər, təbliğat vasitələri alınıb, müəssisələrdə yerləşdiriləcək.
Səs verəcək məhkumların və penitensiar xidmət əməkdaşlarının, hərbçilərin siyahısı MSK-nın müəyyən etdiyi vaxtda hazırlanacaq. Seçki siyahıları hazır olandan sonra məhkumların müəssisələr daxilində köçürülməsi, eləcə də istintaq təcridxanalarından cəzaçəkmə müəssisələrinə köçürülməsi, vaxtından əvvəl azad olunmuş məhkumların azadlığa buraxılması müvəqqəti dayandırılacaq.
Şəxsiyyət vəsiqəsi olmayan məhkumlara Ədliyyə Nazirliyi tərəfindən MSK ilə razılaşdırılmış xüsusi vəsiqə veriləcək.
Xüsusi və məntəqə tipli müəssisələrdə saxlanılan şəxslər isə, müəssisənin yerləşdiyi ərazi üzrə təşkil olunmuş seçki məntəqələrində səs verəcəklər.
MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası səsverməyə ən azı 5 gün qalmış xüsusi rejim şəraitində olan müəssisələrdə məntəqələrin yaradılmasını elan edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]