Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir N.Abdullayeva/ Azərbaycanda prezident seçkisi çox fəal keçir, - çərşənbə günü Bakıda jurnalistlərə MDB Icraiyyə Komitəsinin katibi, Azərbaycan prezidenti seçkisində Birlik müşahidə missiyasının rəhbəri Sergey Lebedev deyib.
"Mən seçici və müşahidəçilərlə söhbət etmişəm, hamı müsbət fikirdədir, seçicilərin əhval - ruhiyyəsi bayramsayağıdır. Biz heç bir tənqidi fikir eşitməmişik. Bəzi seçki məntəqələrində hətta növbələr müşahidə edilir ki, bu da seçicilərin fəallığını sübut edir", - Lebedev bildirib.
Onun sözlərinə görə, hər şey müsbət və fəal surətdə keçir.
Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.