Bir qrup İranlı aşbaz cümə günü Tehranın Millət Parkında dəvəquşu ətindən dünyanın ən böyük sendviçini hazırlayacaq. Bu barədə İranın İRİBNEWS saytı məlumat yayıb.
Sendviçin hazırlanması üçün 1000 kiloqram dəvəquşu əti istifadə olunacaq. Sendviçin uzunluğu 1500 metr olacaq və onun hazırlanmasında 1000 nəfərin iştirakı nəzərdə tutulub. Gines Rekordlar Kitabının nümayəndələri bu nəhəng sendviçin hazırlanmasına nəzarət edəcəklər. Dünyanın Ən böyük sendviçinin hazırlanması ideyası Tehran Şəhər Şurası və dəvəquşu əti istehsalçıları tərəfindən irəli sürülüb.
Sendviçin hazırlanmasında məqsəd əhalini mal, qoyun ətindən istifadə etmək əvəzinə dəvəquşu ətindən istifadə etməyə çağırmaqdır.
Dəvəquşu əti yüksək kalorili olmaqla yanaşı, digər heyvanların ətinə nisbətən yağsızdır.
İran dəvəquşu təsərrüfatı üzrə dünyada Çin və Cənubi Afrikadan sonra ən böyük potensiala malikdir.