...

Azərbaycanın prezident seçkisində namizədi ilə iştirak etməyən müxalifət partiyası İlham Əliyevi təbrik edib

Siyasət Materials 17 Oktyabr 2008 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir A.Hüseynbala / Azərbaycanın prezident seçkisində namizədi ilə iştirak etməyən Ədalət Partiyası seçkinin nəticələrini tanıyaraq, hakim partiyanın namizədi İlham Əliyevi qələbə münasibətilə təbrik edib.

Partiyanın mətbuat xidmətindən cümə günü Trend -a daxil olan bəyanatda qeyd edilir ki, Ədalət Partiyasının 1500 - dən yuxarı seçki məntəqəsində təmsil olunan komissiya üzvlərinin, eləcə də səsvermə prosesində iştirk edən partiya təmsilçilərinin yekun məlumat rəyləri nəticəsində belə qənaətə gəlinib.

Trend - un arayışı: Oktyabrın 15 - də Azərbaycanda prezident seçkisi keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Boyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Ümumilikdə namizədlərin lehinə 3 milyon 640 min 702 səs verilib.

Səsvermə hüququ olan vətəndaşların 3 milyon 230 min 340 nəfəri hakim Yeni Azərbaycan Partiyasının namizədi, indiki dövlət başçısı İlham Əliyevə etimad göstərib. Bu isə ümumi seçicilərin 88,73 faizi deməkdir.

Digər namizədlər - İqbal Ağazadə 104 min 163 səslə (2,86 faiz) ikinci, Fazil Qəzənfəroğlu 89 min 950 səslə (2,47 faiz) üçüncü, Qüdrət Həsənquliyev 82 min 981 səslə (2,28 faiz) dördüncü, Qulamhüseyn Əlibəyli 81 min 110 səslə (2,23 faiz) beşinci, Fuad Əliyev 28 min 402 səslə (0,78 faiz) altıncı və Hafiz Hacıyev 23 min 753 səslə (0,65 faiz) sonuncu yerdədir.

Bəyanatda qeyd edilir ki, Ədalət Partiyası İlham Əliyevin qarşıdakı 5 il ərzində ölkənin əsas problemələrini - Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın mənafeyinə uyğun nizamlanmasına, korrupsiya və rüşvətxorluğun aradan qaldırılmasına, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasına nail olacağına inanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti