Azərbaycan, Gəncə, 30 oktyabr / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın Gəncə şəhərində (paytaxt Bakıdan 365 km qərbdə) cinayət törətməkdə ittiham olunan bir neçə şəxs xarici ölkələrdə saxlanılıb.
Bu barədə cümə günü Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Faiq Mahmudov Trend -a məlumat verib.
Mahmudov bildirib ki, ilk tutulan şəxs 1976-cı il təvəllüdlü Gəncə şəhər sakini Qurbanov Maqsud Bakir oğludur. O, 2004-cü ildə Gəncədə yerləşən "Nur" kafesində iki nəfərə bıcaqla ağır xəsarət yetirərək qaçıb.
Barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurma (126.1) maddəsi ilə cinayət işi açılan Qurbanov bu il Gəncə şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Rusiyanın Moskva şəhərində keçirilən əməliyyat zamanı saxlanılıb.
Digər bir cinayət hadisəsi isə 13 il bundan əvvəl -1995-ci ildə baş verib. Gəncə şəhər sakinləri 1967-ci il təvəllüdlü Musayev Ceyhun Rəşid oğlu və1964-cü il təvəllüdlü Nəzərov Zahid Eldar oğlu Gəncədə Şakir Allahverdiyevə məxsus mənzilə soxularaq quldurluq ediblər.
Onlar ev sahibinə xəsarət yetirərək evdən 5 min manat dəyərində əşya aparıblar.
Polis əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törədənlərdən biri Nəzərov Zahid Eldar oğlu Ukrayinanın Kiyev şəhərində yaxalanıb və onun barəsində Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etmə (145) maddəsi ilə cinayət işi açılıb. Ceyhun Musayevin axtarışı isə davam etdirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]