Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir S.Kazımlı / Bakının Qaradağ rayonunun ərazisində xuliqanlıq edərək hədə-qorxu ilə pul tələb etdiklərinə görə, iki şəxs polislər tərəfindən saxlanılıb. Həmin şəxslərin biri özünü polis, digəri isə jurnalist kimi təqdim edib.
Bu barədə bazar ertəsi Trend -a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin məlumatına görə, noyabr ayının 1-də saat 04:00 radələrində rayonun Müşvüqabad qəsəbəsində həmin qəsəbə sakini 1980-cı il təvəllüdlü Rəşad Ayaz oğlu Səfərəliyev və 1979-cu il təvəllüdlü Ramin Muxtar oğlu Quliyev sərxoş vəziyyətdə "Nur" kafesinə gəliblər. Səfərəliyev özünü polis əməkdaşı, Quliyev isə özünü jurnalist kimi təqdim etməklə oranın gözətçisi 1977-ci il təvəllüdlü Vüqar İbadulla oğlu Əsgərova hədə-qorxu gələrək, pul tələb ediblər və kafenin giriş qapısının şüşəsini sındırıblar.
Hər iki şəxs etdikləri hərəkətlərə görə, Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı 38-ci bölmədə təhqiqat aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]