...

Avropanın sosial-bazar iqtisadiyyatı prinsipinə əsaslanan effektli nəzarətə ehtiyacı var - Avropa Parlamentinin sədri ilə müsahibə

Siyasət Materials 3 Noyabr 2008 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir Y.Ostapenko/ Trend -un Avropa Parlamentinin sədri Hans Gert Potterinqlə müsahibəsi.

- Hazırki maliyyə böhranının aradan qaldırılması üzrə səyləri necə qiymətləndirirsiniz? Aİ-nin problemin həlli üçün təklif edə biləcəyi hər hansı effektli tədbirlər varmı?

- Son həftələr ərzində Aİ beynəlxalq maliyyə böhranına qarşı müxtəlif tədbirlər görüb. Oktyabrın 15-də Brüsseldə Aİ dövlət və hökumət başçılarının sammiti keçirilib və bu sammitdə əsas mövzu maliyyə böhranı olub. Başlıca vəzifə bank sisteminin iflasından qaçmaq, təsiri iqtisadiyyatın digər sahələrinə yayılmasının məhdudlaşdırılması, gələcək iqtisadi sabitlik üçün yeni əsasın tətbiqi olub.

Vahid valyutanın qəbul edilməsi Aİ-yə qeyri-sabitliyə müqavimət göstərməyə imkan verib. Avropa İttifaqında vahid iqtisadi və valyuta məkanı olmasaydı, Aİ ölkələrində təcili həllini tələb edən problemlər ayrı-ayrılıqda çox  ciddi valyuta axınlarına gətirə bilərdi. Avropa Mərkəzi Bankı güclü sabitləşdirici qüvvə olub. Bu böhran avronun dəyərini təsdiqləyib.

Brüsseldə, Aİ dövlət və hökumət başçılarının sammitində mən Avropanın böhrana effektli, uzlaşdırılmış cavabını xüsusi olaraq qeyd etdim. Avropa İttifaqı üçün vacib vəzifələrdən biri maliyyə sisteminin iflasının qarşısını almaqdır. Bu, vətəndaşların etibarının bərpası üçün əsas məqamdır. İqtisadiyyat və Maliyyə Nazirləri Şurasının özəl şəxslər üçün bank depozitləri zəmanətinin 50 min avroyadək artırılması haqqında qərarı daha çox alqışlanır. Orta və uzunmüddətli perspektivdə Aİ-nin və ondan kənardakı maliyyə bazarlarının tənzimlənməsi üçün yeni strukturun yaradılması lazımdır. Avropanın yaxşı ümumi normalara və sosial-bazar iqtisadiyyatı prinsipinə əsaslanan daha effektli nəzarətə ehtiyacı var.

Lakin Avropa tək deyil və qlobal miqyasda hərəkət etməlidir. Böhrana müasir yanaşma uzunmüddətli dünya qərarlarının qəbulunu tələb edir. Aİ indi - öz nizamnamələrində islahatlar aparan vaxtda, beynəlxalq miqyasda maliyyə bazarlarına tətbiq edilməli olan qaydaların müəyyən edilməsində aparıcı mövqe tutmalıdır. Gələcəkdə belə vəziyyətin qarşısını almaq üçün bizə daha çox şəffaflıq, açıqlıq və yaxşı risk-menecment lazımdır.

- Məlumdur ki, Aİ və ABŞ hökumətlərə maliyyə böhranının həllində daha fəal iştirak etməyi təklif edir. Bu, bazar iqtisadiyyatı sisteminə necə təsir göstərə bilər?

- Avropa İttifaqının hazırki sədri, Fransa prezidenti Nikolya Sarkozi Avropa Parlamentinə son müraciətində Aİ orqanlarının işini "böhran əleyhinə idarəetmə" kimi xarakterizə edib. Avropa Mərkəzi Bankı, Avropa Qrupu, İqtisadiyyat və Maliyyə Nazirləri Şurasının, milli mərkəzi bankların və hökumətlərin gördüyü tədbirlər, əməkdaşlıq və qarşılıqlı borclanmalarda banklara kömək etmək üçün hazırlanıb. Sarkozi əlavə edib ki, Avropa şirkətlərinin səhmlərinin qiyməti aşağı olan bir vaxtda qeyri-Avropa şirkətləri və hökumətlərinin onları almasını istəməzdi. O təklif edib ki, Avropa ölkələri özlərinin maliyyə fondlarının inkişafını strateji sektorlara sərmayə yatırmaq və Avropa mülkiyyətini dəstəkləmək üçün alət hesab etsinlər.

Əminəm ki, iqtisadi və maliyyə sistemlərin qlobal idarə edilməsi üçün bizə strukturun yenilənməsi lazımdır. Maliyyə bazarlarının idarəsini yaxşılaşdırmaq üçün Avropa İttifaqında daha fəal yanaşma lazımdır. Bu, vətəndaşlara sabitlik və rifah təklif edən qlobal maliyyə sisteminin idarəsi üzrə yeni qaydalar paketi sazişinə zəmanətin əsas məqamı olacaq. Avropa İttifaqı bu məsələdə vacib rol oynayır və bizdə dəqiq plan olarsa, o halda birgə hərəkət edəcəyik və bu, çox şeyi dəyişə bilər.

- Aİ-nin strukturunun transformasiyasını təklif edən Lissabon sazişinin imzalanacağı ehtimalı nə qədərdir? Bu sazişdən hansı nəticələri gözləmək olar?

- Lissabon sazişi zəruridir. Belə ki, o, Avropa İttifaqına daha çox hərəkət imkanları verəcək. Lissabon müqaviləsinin təqdim etdiyi dəyişikliklər Aİ-ni daha demokratik, daha şəffaf və effektli edəcək. Lissabon sazişi Aİ-dəki demokratiya və parlamentarizmin bütün səviyyələrdə reallaşdırılmasına həlledici töhfəsini verəcək. O, institutlarını gücləndirərək, Avropa İttifaqına yeni üzvlərin qəbulunu mümkün edəcək. Bu, XXI əsrin tələblərinə cavabdır.

Biz hazırki vəziyyətdə məsələnin həllini tapmalıyıq: Aİ-yə üzv 22 ölkə sazişi təsdiqləyib, qalanları isə bu yoldadırlar. Məsələ İrlandiya ilə bağlıdır və biz bu ölkənin təklifini gözləyirik. İrlandiyanın Baş naziri Avropa Şurasının dekabr görüşündə bu təklifləri səsləndirməlidir. Təəssüf  ki, Avropa Parlamentinə 2009-cu ilin iyununda keçiriləcək seçkilərədək məsələnin həllini tapmaq çox çətin olacaq. Buna baxmayaraq, ümid edirəm ki, İrlandiya qərar qəbul edən vaxt, [Lissabon] saziş 2009-cu ilin sonu - 2010-cu ilin əvvəlində artıq reallıq olacaq.

Xəbər lenti

Xəbər lenti