Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir C.Babayeva/ Müxalif Azərbaycan Demokrat Partiyası və Müsavat Partiyası Azərbaycanda xarici radiostansiyaların yayımının müvafiq qanunvericiliyə uyğunlaşdırılmasını məqsədəuyğun hesab edirlər.
"Xarici radiostansiyaların yayımlanmasının dayandırılması vətəndaşların alternativ informasiya mənbələrindən məlumat almaq imkanından məhrum etməsi, beynəlxalq hüquqla müdafiə olunan informasiya almaq və öz fikirlərini azad yaymaq hüququnun pozulması kimi dəyərləndirilir və xarici radiostansiyaların yayımlanmasını qadağan etmək əvəzinə, onların fəaliyyətinin Azərbaycanın müvafiq qanunvericiliyinə uyğunlaşdırılmasını məqsədəuyğun hesab edir", - deyə Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin bazar ertəsi keçirilən toplantısında bildirilib.
Trend - un arayışı: Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ötən həftə bildirib ki, 2008 - ci ilin sonunadək Azərbaycan ərazisində "BBC", "Azadlıq" və "Amerikanın səsi" radiostansiyalarının birbaşa efirdə yayımlanması dayandırılacaq. "Cari ilin sonunda bütün xarici radiostansiyalar Azərbaycanda yayımlandıqları tezliklərdən məhrum ediləcək. Xarici radiostansiyalar peyk, internet və kabel şəbəkəsi vasitəsilə yayımlana bilər", - deyə Məhərrəmli bildirib.
Məhərrəmlinin Trend - a bildirdiyinə görə, xarici radiostansiyaların yayımının dayandırılması haqqında qərar siyasiləşdirilir. "Təəssüf ki, bəzi qurumlar Şuranın xarici radiostansiyaların yayımının dayandırılması haqqında qərarını siyasiləşdirirlər. Bu qərar hüquqi cəhətdən əsaslandırılıb",- deyə Məhərrəmli əlavə edib.
Müsavat Partiyası səlahiyyətli orqanları Azərbaycan cəmiyyətinin siyasi maariflənməsinə xidmət edən xarici radiostansiyaların fəaliyyətinə əngəl törətməməyə çağırıb. "Xarici radiostansiyaların yayımı dayandırılmamalı, əksinə, onların daha da normal çalışmaları üçün lazımi şərait yaradılmalıdır",- deyə Partiyanın bazar ertəsi qəbul etdtiyi bəyanatda bildirilib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]