Gürcüstan, Tbilisi, 10 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) və Almaniya Federativ Respublikasının iqtisadi əməkdaşlıq və inkişaf federal nazirliyinin yardımı ilə, noyabrın 9 -14 - də gürcü, erməni və azərbaycanlı parlamentarilərinin Almaniyaya müştərək səfəri baş tutacaq. Bu barədə GTZ nümayəndəliyindən məlumat veriblər.
Səfərdə Ermənistan və Azərbaycan parlamentlərinin hüquq komitələrinin sədrləri və onların müavinləri də iştirak edəcəklər. Gürcüstanı parlamentin Avropaya inteqrasiya üzrə komitəsinin sədri David Darçiaşvili və hüquq komitəsinin sədr müavini Akaki Minaşvili təmsil edəcəklər.
Səfərdə məqsəd alman parlamentarizm təcrübəsi ilə tanışlıq və Cənubi Qafqazda məhkəmə və hüquqi islahatlar kimi aktual məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdır. Federal prezident administrasiyasında, Bundestaq və Bundesratda keçiriləcək görüşlərdə digər məsələlərlə yanaşı, Bundesrat və Bundestaqın fəaliyyət prinsipləri və qanunvericilik fəaliyyətində federal prezident administrasiyasının rolu məsələləri də müzakirə olunacaq. AFR-in Cənubi Qafqaz bölgəsi ölkələri ilə münasibətləri də müzakirə predmeti olacaq.
"Dəyirmi stol" zamanı nümayəndə heyətləri Almaniyanın Hakimlər Birliyinin sədri Kristofer Frank və Vəkillər Palatasının federal prezidenti Aksel Filge ilə AFR qanunvericiliyinə aid bir məsələləri müzakirə edəcəklər. Almaniyanın xarici işlər və iqtisadi əməkdaşlıq nazirləri ilə görüşlərdə Avropa Qonşuluq Siyasətinin tələbləri müzaikrə olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]