Fransa, Paris, 11 noyabr / Trend , müxbir A.Məhərrəmli/ YUNESKO-nun iqamətgahında, noyabrIn 10-da XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim və pedaqoq Mircəlal Paşayevin 100 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.
Mərasimi YUNESKO-nun baş direktoru Koişiro Matsuura açıb. O, Azərbaycan xalqının böyük alimi və yazıçısı Mircəlal Paşayevin yubileyinin YUNESKO səviyyəsində qeyd olunmasını bu qurumla Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın bariz nümunəsi olduğunu qeyd edib.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında bildirib ki, zəngin ədəbi irsə malik olan Azərbaycan xalqı böyük alimlər nəsli yetişdirib. Mircəlal Paşayev də Azərbaycanın böyük övladlarından biridir. Onun ədəbi və elmi irsi çox zəngindir.
Azərbaycanın xarici işlər nazirinin müavini Hafiz Pasayevin sözlərinə görə, Azərbaycanı YUNESKO kimi bir beynəlxalq təşkilatda bu səviyyədə təqdim etmək Mircəlal xatirəsinə böyük ehtiramdır. "Mircəlal yaradıcılığının, nümunəsinin Azərbaycan ədəbiyyatında, tarixində öz yeri olub və bundan sonra da olacaq", - deyə Hafiz Paşayev bildirib.
MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayevanın sözlərinə görə, bu gün, mədəni əlaqələr, ölkələr arasındakı münasibətlər baxımından, eləcə də də yazıçıya, ədəbiyyata, ümumiyyətlə mədəniyyətə ehtiram baxımından əlamətdar bir gündur. "Bu gün mənim üçün daha da əlamətdardır, çünki babamın 100 illiyi YUNESKO-da qeyd olunur. Bu imkan heç vaxt olmayıb. Sovetler dövründə bunu təsəvvür etmək belə çətin idi ki, yazıçının yubileyi Qərbdə, YUNESKO-da qeyd olunsun. Bu gözəl hadisədir", - deyə Nərgiz Paşayeva bildirib.
Onun sözlərinə görə, bu, təkcə azərbaycanlılar üçün deyil, parislilər üçün də gözəl hadisədir, çünki onlar basqa bir mədəniyyətin görkəmli nümayəndəsinin həyat yolunu, yaradıcılıgını izlədilər.
Daha sonra Mircəlal Paşayevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Yubiley mərasimi Azərbaycan incəsənət ustalarının iştirakı ilə keçirilən musiqili proqramla başa çatıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]