Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir N.Abdullayeva/ Yunanıstan diplomatlarından ibarət nümayəndə heyəti 2009-ci il üçün ATƏT-də sədrliyə hazırlıq çərçivəsində noyabrın 18-19-da Azərbaycana ikigünlük səfərə gəlir. Bu barədə Trend -a bazar ertəsi təşkilatın Azərbaycandakı ofisindən məlumat verilib.
Diplomatlar Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcəklər.
ATƏT-in cədvəlinə əsasən, 2009-cu ildə bu təşkilatda sədrlik Yunanıstana keçəcək. 2008-ci ildə ona Finlandiya sədrlik edib, Yunanıstandan sonra 2010-cu ildə sədrlik Qazaxıstana təqdim olunacaq.
REGNUM-un verdiyi xəbərə görə, Yunanıstanın ATƏT-də sədrliyinə yardım üzrə işçi qrupun rəhbəri, səfir Nikolaos Kalansianos əvvəllər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşü zamanı bildirib ki, Yunanıstan ATƏT-də sədrlik zamanı əsas diqqəti münaqişələrin nizamlanması və regional stabilliyin təmin edilməsi məsələlərinə yönəldəcək.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilat - ATƏT dünyada təhlükəsizlik məsələləri ilə məşğul olan iri regional təşkilatdır. O, Şimali Amerika, Avropa və Mərkəzi Asiyada yerləşən 56 ölkəni özündə birləşdirir. Azərbaycan 1992-ci ildə təşkilata daxil olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend