Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Xocavənd rayonunun Qarakənd kəndinin səmasında 17 il öncə Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyotun qəzaya uğraması ilə bağlı cinayət işi üzrə istintaq dayandırılıb.
"Cinayət işi üzrə istintaqın dayandırılmasına səbəb hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasıdır. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb", - çərşənbə günü Baş Prokurorluqdan Trend -a bildirilib.
1991-ci il noyabrın 20-də Azərbaycanın vəzifəli şəxslərinin, Rusiya və Qazaxıstan hərbi müşahidəçilərinin olduğu Mİ-8 vertolyotunun Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulması nəticəsində 22 nəfər faciəli şəkildə həlak olub.
Həlak olanlar arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə və başqaları olub.
Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]