...

Azərbaycanda ən böyük ictimai - siyasi təşkilatlardan biri yaradılacaq (video)

Siyasət Materials 16 Dekabr 2008 17:14 (UTC +04:00)
Azərbaycanda ən böyük ictimai - siyasi təşkilatlardan biri yaradılacaq (video)

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir C.Babayeva/ Bu yaxınlarda buraxılmış "İrəli" ümumrespublika gənclər hərəkatının həmtəsisçisi Ceyhun Osmanlının Trend - a müsahibəsi

- Mətbuatda "İrəli" ümumrespublika gənclər hərəkatının fəaliyyətinin dayandırılmasının müxtəlif səbəbləri göstərilir. Səbəblərdən biri kimi hərəkatın iqtisadi çətinliklərlə üzləşməsi qeyd olunur. "İrəli"nin siyasi partiyaya çevriləcəyi barədə də məlumatlar yayılıb. Bu məlumatlar həqiqətə nə dərəcədə uyğundur?

- Həqiqətən, "İrəli" hərəkatının özünü buraxması gözləmədiyimiz rezonans doğurub. "İrəli" həmtəsisçilərinin qərarı ilə necə yaradılmışdısa, elə də üç ildən çox fəaliyyət göstərdikdən sonra, buraxılması barədə qərar qəbul olundu. Bəzi kütləvi informasiya vasitələri "İrəli" hərəkatının buraxılmasını bağlanmaq kimi qələmə veriblər. Bir daha qeyd edirəm ki, "İrəli" hərəkatı bağlanmayıb, buraxılıb. İkincisi, "İrəli" hər hansı bir iqtisadi çətinliklər üzündən və ya digər səbəblərə görə deyil, məhz həmtəsisçilərin qərarı ilə buraxılıb. Hesab etdik ki, yaratdığımız ilkin hərəkat formatında qarşıya qoyduğumuz məqsədlərə çatdıq; Azərbaycanda gənclər siyasətinin yeniləşməsi, yeni gənc siyasətçilərin yetişdirilməsi, yeni gənclər elitasının və yeni tipli gənclər təşkilatlarının yaradılması. "İrəli" hərəkatı Azərbaycanda yeni tipli gənclər təşkilatlarının yaranmasının əsasını qoyub. Bundan sonra onlarla belə şəbəkələr yarandı və "İrəli" o missiyanı da uğurla yerinə yetirdi. Hesab etdik ki, fəaliyyətimizin pikinə çatdıq; "İrəli" yaradılanda planlaşdırmışdıq ki, təqribən o inkişaf modeli ilə beş min gənci əhatə edək. Fəaliyyətimiz dövründə beş min deyil, altı min gənci əhatə edə bildik. Amma həm səmərəli fəaliyyət, həm də ictimaiyyətlə əlaqələrin düzgün qurulması nəticəsində, "İrəli"yə böyük tələbat yarandı, bu saydan 10-20 dəfə artıq insan "İrəli"yə qoşulmaq arzusunu bildirirdi. Ayrı- ayrı regionlarda "İrəli"nin təmsilçiliklərinin yaradılmasını tələb edirdilər. Biz anlayırdıq ki, hərəkat modeli ilə bu mümkün deyil. Qərara aldıq ki, inkişafımızın birinci mərhələsini artıq başa çatdıraq, hərəkat modelini buraxıb, məqsədlərimizin növbəti hissəsini reallaşdırmaqdan ötrü yeni model axtarışına çıxaq və hazırda bu modelin axtaşını davam etdiririk.

- "İrəli"nin bazasında yeni qurumun yaradılması ilə bağlı müzakirələr davam etdirilirmi? Nəzərdə tutulan yeni qurumun əsas fəaliyyət istiqamətləri "İrəli"nin fəaliyyət istiqamətlərindən nə ilə fərqlənəcək?

- "İrəli"nin yeni formatda meydana çıxmasının və əvvəlki formatının da əsas səbəbi Azərbaycanda yeni vətəndaş obrazının yaradılması, ölkənin gələcəyi üçün önəmli olan yeni insan kapitalının yaradılması olub. İnsan kapitalı bütün dövrlərdə ən önəmli resurs hesab olunub. Hesab edirik ki, bu gün Azərbacyan gəncinin, vətəndaşının obrazı nə qədər inkişaf etmitş olarsa, Azərbaycan insanı elm, mədəni, düşüncə baxımından nə qədər inkişaf etmiş olarsa, özündə azad düşüncəni əks etdirərsə, cəmiyyət də o qədər inkişaf edəcək. Məhz "İrəli"nin bazasında yeni formatın yaradılması ictimai sifarişdən irəli gəlir. "İrəli"yə artıq üç kateqoriyada tələbat meydana çıxıb. Birincisi, Azərbaycanda gənclər fərdi şəkildə "İrəli"yə daha geniş şəkildə qoşulmaq istəyirdilər. Biz fərdi inkişaf mexanizmini yaratmalıyıq. Çalışmalıyıq ki, elə struktur quraq ki, həm rayon və şəhərləri, ali və imkan daxilində orta məktəbləri də əhatə etsin. İkincisi, Azərbaycanda bir sıra təşkilatlar var ki, onlar ayrı - ayrı vaxtlarda "İrəli"yə müraciət edib hərəkata qoşulmaq istəklərini bildiriblər. Onlar "İrəli"nin yalnız fərdi inkişafını yox, təşkilatların kollektiv şəkildə üzv olduğu quruma çevrilməsini istəyiblər. "İrəli"nin yeni strukturunda koordinativ bir mexanizm yaradılmalıdır. Üçüncüsü, bildiyiniz kimi, "İrəli"nin Avropa və Amerikada təhsil alan gənc üzvləri var. Onlar da xarici nümayəndəliklər yaradıb, "İrəli"nin miqyasını genişləndirmək arzusunu bildiriblər. Yəqin ki, mexanizm özündə beynəlxalq təmsilçiliklərin də yaradılmasını nəzərdə tutmalıdır. Bütün bunları təhlil edərək o qənaətə gəlirik ki, biz Azərbaycanın ən böyük ictimai- siyasi təşkilatlarından birinin yaradılmasının ərəfəsindəyik. Qısa zamanda buna nail olacağıq və Azərbaycanda yeni, öz milli-mənəvi dəyərlərinə sahib çıxan və eyni zamanda, dünyanın inkişaf dinamikasını özündə əks etdirən insanları formalaşdırmağı qarşımıza məqsəd qoyacağıq. Azərbaycana lazım olmayan yad dəyərlərin və o cümlədən əxlaq və mentalitetimizə, dəyərlərə zidd normaların Azərbaycana sırınmasına çalışan insanlara, qurumlara, partiyalara qarşı olacağıq. Gənclərin ayrı-ayrı siyasi qruplar tərəfindən marionet fiqurlar kimi istifadə olunmasına da qarşıyıq. Gənclərdən belə istifadənin əleyhinəyik və hesab edirik ki, hər bir gənc müstəqil və azad düşüncəli olmalıdır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti