...

ABŞ-ın İranın dini lideri ilə əlaqələr qurması Amerika-İran münasibətlərinin sabitləşdirilməsi üçün imkandır

Siyasət Materials 2 Fevral 2009 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral/ Trend , müxbir D.İbrahimova/ Birləşmiş Ştatlar və İran arasında münasibətlərin normallaşmasında ilk addım prezident Mahmud Əhmədinejat ilə deyil, İranın dini lideri Əli Xameneyi ilə əlaqələrin qurulması ola bilər.

"Düşünürəm ki, məktubun göndərilməsi [İranın dini lideri Əli Xameneyiyə] İran və Birləşmiş Ştatlar arasında konstruktiv münasibətlərin növbəti inkişaf mərhələsində vacib və zəruri addımdır", - islam üzrə amerikalı ekspert Con Voll (John Voll) Trend -a bildirib.

ABŞ prezidenti Barak Obama Tehran nüvə proqramının inkişaf etdirilməsini dayandırarsa, İranla əməkdaşlığa başlamaq istəyində olduğunu bəyan etdi. Vaşinqtonda Tehranın nüvə proqramının dinc xarakterli olmasına şübhə ilə yanaşırlar. İran prezidenti Mahmud Əhmədinejat bəyan edib ki, əməkdaşlıq Vaşinqton Tehrandan üzr istəyərsə mümkündür.

"Dəyişikliklər haqqında danışanlar iranlılardan üzr istəməli və törədikləri cinayətlərlə İrana vurduqları zərərin əvəzini ödəməyə çalışmalıdırlar", - Əhmədinejat televiziya müsahibəsində bildirib.

Yanvarın 29-da The Guardian qəzetində çıxan yazıda Vaşinqtonda İran və İran xalqının dini liderinə məktub hazırladıqları deyilsə də, yanvarın 30-da Obama administrasiyası Britaniya KİV-in məlumatını təkzib etdi.

Təkzibə baxmayaraq, müşahidəçilər hesab edirlər ki, dini lider İran siyasətində "güclü təsirə" malikdir və onunla münasibətlərin qurulması İran-Amerika əməkdaşlığına doğru ilk addım ola bilər.

ABŞ və İran arasında münasibətlər 1980-ci ildə kəsilib və təxminən 30 ildir ki, yoxdur. ABŞ-ın eks-prezidenti kiçik Corc Buş 2002-ci il yanvarın 29-da konqresə müraciətində İranı terrorizmə sponsorluq edən və kütləvi qırğın silahı hazırlayan ölkə kimi "şər oxuna" aid etdi.

1989-cu ildə İranın dini lideri olmuş Əli Xameneyi dövlət hakimiyyətinin bütün əsas "rıçaqları" - məhkəmə, ordu, eləcə də kütləvi informasiya vasitələrinə nəzarət edir. O məhkəmə sistemi, dövlət radio və televiziyasının rəhbərlərini təyin edir.

12 üzvdən (Xameneyinin özü tərəfindən birbaşa və ya dolayısı ilə təyin edilən) ibarət olan və parlamentin qərarlarına veto qoymaq, seçkilərdə namizədlərin etibarlılığını yoxlamaq hüququna malik Keşikçi Şurası onun nəzarəti altındadır, - Karneqi Mərkəzinin (Carnegie Endowment) İran üzrə eksperti Kərim Səcadpurun (Karim Sadjadpour) məruzəsində deyilir.

1989-cu ildə İran konstitusiyasına edilən dəyişikliklərdən sonra İranın dini rəhbərinin səlahiyyətləri genişləndirilib. İran konstitusiyasının 110-cu bəndinə əsasən, İran hökumətinin siyasətinin müəyyənləşdirilməsi dini liderin əlindədir.

Xameneyi "İranda ali siyasi qüvvədir" və İranın Birləşmiş Ştatlara qarşı siyasətində istənilən dəyişiklik sonda onun tərəfindən təsdiq edilməlidir, - Corctaun Universitetinin professoru Voll elektron poçtla Trend -a bildirib.

"İranın dini liderinə məktub göndərmək üçün ikinci səbəb, iyundakı prezident seçkiləridir və hələ də hazırkı ölkə başçısının yenidən seçilib-seçilməyəcəyi məlum deyil", - ekspert hesab edir. "Prezident Obama yalnız öz iranlı həmkarı ilə əməkdaşlıq edərsə və Əhmədinejat yenidən prezident seçilməsə, siyasi inkişaf xəttində qırılma baş verə bilər", - Voll hesab edir.

İran üzrə ekspert Mohsen Sazeqaranın fikrincə, İranla danışıqlara başlamaq üçün ABŞ prezidenti birbaşa ölkənin dini liderinə müraciət etməlidir. Çünki İranın tarixində dövlət hökümətinin ABŞ-la danışıqlara başlamağa çalışdığı, lakin dini liderlərin buna qarşı çıxaraq mane olduğu hadisələr öz əksini tapıb.

Birinci dəfə bu Haşimi Rəfsəncaninin İran parlamentinin spikeri olduğu zaman baş vermişdi. Lakin dini lider imam Xomeyni danışıqları dayandırmışdı. 1997-2005-ci illərdə İranın prezidenti olmuş Məhəmməd Hatəmi  Vaşinqtonla münasibətləri qaydasına salmağa çalışsa da, Əli Xameneyi buna qarşı çıxmışdı.

"ABŞ və İran arasında münasibətləri qaydaya salmaq üçün daha bir yol dini lider yox, İran xalqına müraciətdir", - Corctaun Universiteti nəzdində xristian və müsəlman dünyası arasında münasibətlərin öyrənilməsi mərkəzinin (Center for Muslim-Christian Understanding) yaradıcısı, professor Con Espozito hesab edir.

Əhmədinejatdan yan keçərək İran xalqına açıq məktub vasitəsilə müraciət, İran xalqını Barak Obama tərərfindən  İrana "qarşılıqlı anlaşma və hörmətə əsaslanmış yeni siyasi yanaşma" tətbiq edəcəyinə ınandırmaq üçün vasitə kimi səmərəli ola bilər", - Espozito Trend -a elektron məktubla bildirib.

"Ekspertlərin fikrincə, bu tədbirin uğurla nəticələnəcəyi haqda danışmaq hələ tezdir. Hələ ABŞ İranın yeni prezidentinin kim olacağını gözləyir", - Trend -a telefonla, Vaşinqtonda müasir İranın öyrənilməsi elmi-tədqiqat mərkəzinin sədri Sazeqara deyib.

"Hələ də nə Obamanın İrana yanaşması, nə dini lider Əli Xameneyi tərəfindən gələcək reaksiya, nə də İran prezidenti Əhmədinejatın bu danışıqlarda iştirak edəcəyi, edəcəksə bunun necə olacağı sona qədər müəyyən deyil", - Espozito Trend -a bildirib.

"Məktubun uğuru bir neçə maddədən asılı olacaq", - Trend -a elektron poçt vasitəsilə Yaxın Şərq üzrə amerikan ekspert Marina Ottauey deyib.

"Birincisi, bu məktubda hansı konkret təkliflərin ediləcəyi, bunun davranışda hansı dəyişikliklərə gətirib çıxaracağı, ikincisi, İranın buna necə cavab verəcəyi, mövqeyini dəyişib-dəyişməyəcəyi, yaxud da köhnə mövqeyində qalacağıdır", - o qeyd edib.

"Necə deyərlər, tanqo oynamaq üçün iki nəfər lazımdı", - Ottauey bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti