...

Xatəmi İranın növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib

Siyasət Materials 4 Fevral 2009 11:22 (UTC +04:00)

Iranın sabiq prezidenti Məhəmməd Xatəmi İslahatçılar düşərgəsinin Məsləhətləşmə Komitəsinin iclasından sonra öz təbliğat-təşviqat kompaniyasının başlanması üçün komissiyalar yaradılmasını istəyib. Bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.

Müşarikət Partiyası Mərkəzi Şurasının üzvi Mustafa Taczadə, Mübariz Ruhanilər İcmasının Mərkəzi Şura üzvi Əbdülvadhi Musəvi Lari, Xatəminin prezidentliyi dövründə parlamentin sədr müavini olmuş Məhəmməd Əli Əbtəhi və başqalarının iştirakı ilə keçirilən iclasda Xatəmi bildirib ki, İranda keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək barədə qəti qərara gəlib.

" "Xordad -2" cəbhəsinin üzvlərinə təbliğat-təşviqat işlərinə başlamaq üçün göstərişlər verilsin", - deyə Xatəmi bildirib.

İclasda qərara alınıb ki, yaxın günlərdə xarici və daxili jurnalistlərin iştirakı ilə Xatəminin prezident seçkilərində iştirakı məsələsi rəsmi şəkildə açıqlanacaq.

"Fars" xəbər agentliyinin məlumatına görə, İslahatçılar düşərgəsindən olan digər namizəd Mir Hüseyn Musəvinin tərafdarları da yaxın günlərdə təbliğat-təşviqat komissiyaları yaratmaq niyyətindədirlər.

İranın Seçkilərə Nəzarət Komitəsinin məlumatına əsasən, İranda növbəti prezident seçkiləri 2009-cu il iyunun 12-nə təyin olunub. Keçiriləcək seçkilər İran İslam İnqilabından sonra 10-cu prezident seçkiləri olacaq.

Xatəmi yanvarın 12-də Tehranda İlam şəhər əhalisi ilə görüşü zamanı bildirmişdi ki, "gələcək prezident seçkilərində mən və ya Musəvi (İranın keçmiş Baş naziri), ikimizdən biri iştirak edəcək".

İranın sabiq prezidentinin namizədliyini müdafiə edən "Xordad-2" cəbhəsinin lideri, Xatəminin qardaşı Məhəmməd Reza Xatəmidir.

Xəbər lenti

Xəbər lenti