Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Ordusunun əsgərinin Ermənistan rəhbərliyinə müraciət edərək onlardan kömək istəməsi barədə bu ölkənin internet saytında yayılmış məlumatla bağlı Respublika Hərbi Prokurorluğu açıqlama verib.
Respublika Hərbi Prokurorluğu mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov cümə günü Trend -a bildirib ki, Ermənistanın internet saytlarında yayılmış məlumatla bağlı araşdırma aparılıb və Daxili Qoşunlarda xidmət etmiş Vüsal Həsənovun izahatı alınıb.
Trend -un arayışı: Ermənistanın "versiya.am" saytında yayılan xəbərdə deyilir ki, əsgər Vüsal Həsənov xidmət etdiyi hərbi hissədə təzyiqlərlə üzləşdiyi üçün bu ölkənin rəhbərliyinə müraciət edərək onlardan kömək istəyib. Guya əsgər məktubunda hərbi hissə komandirinin ondan pul, telefon konturu istədiyini bildirib. Əsgər bu vəziyyətdə xidmət etmək istəmədiyini, Ermənistana, oradan isə ölkə rəhbərliyinin köməyi ilə üçüncü ölkəyə keçmək istədiyini deyib.
Həsənov prokurorluğa verdiyi izahatla barəsində yayılan məlumatı təkzib edib. O bildirib ki, hərbi xidmətdə olduğu müddətdə heç bir zabit tərəfindən incidilməyib, Nizamnamədənkənar hərəkət etməyib, ondan telefon konturu, pul tələb olunmayıb.
Xidməti dövründə nümunəvi əsgər olduğunu deyən Həsənov bildirib ki, 2008-ci ilin iyulunda Daxili Qoşunlarda xidmətdən tərxis olunub. Hərbi xidmətdən sonra öz şəxsi kompyuterində odnoklassniki.ru saytında tanışları ilə yazışıb, şəkillərini bu saytda yerləşdirib.
Onun sözlərinə görə, ermənilər onun şəkillərini saytdan götürərək öz çirkin məqsədləri üçün istifadə ediblər.
"Mən əslən Laçın rayonundanam. Torpağı ermənilər tərəfindən işğal olunmuş, qəlbində ermənilərə nifrət olan bir şəxsin bu məzmunda məktub yazması mümkünsüzdür", - deyə Həsənov izahatında vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]