Azərbaycan, Bakı, 13 fevral / Trend / Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilərək əksər üzvləri yaxalanıb. Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Müəyyən olunub ki, paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında "Quest net" firması adı altında fəaliyyət göstərən bu cinayətkar şəbəkə, işə götürəjəkləri barədə yalan vədlər verməklə, əsasən gəncləri zərgərlik məmulatlarının satışına cəlb edib. Onlar, on minlərlə vətəndaşa çəkisi üç qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən on dəfə baha qiymətə - 800-1500 ABŞ dollarına sataraq külli miqdarda qazanc götürüblər.
Prosessual araşdırmalar göstərib ki, "Quest net" firmasının mərkəzi ofisi Çin Xalq Respublikasının Honq-Konq şəhərində off-şor zonada yerləşir. Firmanın Azərbaycandakı agentliyinin rəhbəri Saatlı rayonunda anadan olmuş 42 yaşlı Valeh Ağayevin təşkilatçılığı ilə cinayətin qurbanına çevrilmiş 20 mindən çox şəxsdən cəmi 5100 nəfərinə zərgərlik məmulatları verilib, daha 15 minə yaxın sadəlövh vətəndaş hədiyyə alacağı və işə düzələcəyi vədi ilə aldadılıb.
Xüsusi qeyd edilməlidir ki, dəyəri 5 dollardan 96 dollaradək olan qızıl əşyalar Valeh Ağayevin vasitəsi ilə mütəmadi şəkildə Bakı şəhərinə gətirilərək əvvəlcədən pulu alınmaqla vətəndaşlara paylanıb. Yığılan pulların cüzi bir qismi Honq-Konqdakı bank hesabına köçürülərək Almaniyadan ucuz zərgərlik məmulatlarının alınmasına yönəldilmiş, əksər hissəsi isə şəbəkədaxili elektron kart vasitəsi ilə nəqdləşdirilərək talanıb.
Mütəşəkkil cinayətkar dəstənin Binəqədi rayonunda yerləşən ofisinə baxış zamanı 859 ədəd müxtəlif zərgərlik məmulatı, hədiyyələr, kompüterlər, habelə hesabatlar və digər sənədlər aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə firmanın 23 satış mərkəzində işləyən 41 nəfər saxlanılmış, o cümlədən Valeh Ağayev və onun üç yaxın əlaltısı həbs edilib.
Fakt üzrə Azərbayjan Respublikası Cinayət Məjəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.