Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın soltəmayüllü - Xalq Sosialist, Mütərrəqi-Sosialist və Solçu Demokrat partiyaları çərşənbə axşamı Koordinasiya Şurasının yaradılmasını elan ediblər.
Mütərrəqi-Sosialist Partiyasının sədri Rüstəm Şahsuvarov bildirib ki, Koordinasiya Şurası zorakılıq yolu ilə siyasətin aparılmasının əleyhinədir və əsasən ideoloji mübarizənin aparılmasına üstünlük verəcək.
Şahsuvarov bildirib ki, Koordinasiya Şurası dünyada baş verən maliyyə böhranının Azərbaycana təsirini azaltmaq üçün təkliflər paketi hazırlayaraq Nazirlər Kabinetinə və Milli Məclisə təqdim edəcək.
Şurada təmsil olunan partiyalar hesab edirlər ki, enerji daşıyıcılarının qiymətləri aşağı salınmalıdır və sovet dövründən əhalinin qalan əmanətləri geri qaytarılmalıdır.
Trend -un arayışı: Təsis olunması gözlənilən Solçu Demokrat Partiyasının sədri Elşən Manafov Azərbaycan Sosial Demokrat Partiyası sədrinin ideoloji məsələlər üzrə katibi və Mərkəzi Komitənin Büro üzvü olub. Ötən ilin sentyabrında partiyanın həmsədri Araz Əlizadənin qurumu idarə edə bilməməkdə ittiham edən Manafov partiyadan xaric olunub. Bundan sonra o, öz tərəfdarları ilə yeni Solçu Demokrat Partiyası yaratmaq barədə qərar verib.
Xalq Sosialist Partiyası keçən ilin oktyabrında təsis olunub və qeydiyyata alınması üçün sənədləri Ədliyyə nazirliyinə təqdim edib. Mütərrəqi-Sosialist Partiyasının sədri Şahsuvarov isə Azərbaycan Kommunist Partiyasından ayrılaraq rəhbərlik etdiyi siyasi təşkilatı yaradıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]