...

Ermənistan Türkiyə və Ərəb dövlətləri arasında - Trend News-un icmalçısı

Siyasət Materials 6 Mart 2009 10:21 (UTC +04:00)
Artıq Türkiyə və Ermənistanın yaxınlaşmaq istəyində olduğu və bu yöndə xeyli addımların atıldığı heç kimdə şübhə doğurmur. Çünki bir vaxtlar Türkiyə bu yaxınlıq münasibətlərinə heç bir açıqlama vermirdisə, daha sonra ölkə rəsmiləri rəsmən Ankaranın belə bir niyyətdə olduğunu açıqladılar.
Ermənistan Türkiyə və Ərəb dövlətləri arasında - Trend News-un icmalçısı

Rufiz Hafizoglu, Trend -un Yaxın Şərq redaksiyasının rəhbəri

Artıq Türkiyə və Ermənistanın yaxınlaşmaq istəyində olduğu və bu yöndə xeyli addımların atıldığı heç kimdə şübhə doğurmur. Çünki bir vaxtlar Türkiyə bu yaxınlıq münasibətlərinə heç bir açıqlama vermirdisə, daha sonra ölkə rəsmiləri rəsmən Ankaranın belə bir niyyətdə olduğunu açıqladılar.

Hətta ölkənin xarici işlər naziri Əli Babacan 1915-ci ildən indiyə qədər iki ölkənin bir-birinə belə yaxın olmadığını bildirdi.

Maraqlı odur ki, Babacan Türkiyə-Ermənistan münasibətlərində heç bir vasitəçiyə ehtiyac olmadığını da dilə gətirdi.

Bəzi siyasi müşahidəçilər Türkiyənin Ermənistanla yaxınlaşmasının Ankaranın ABŞ-ın yeni administrasiyasına qarşı yönəldiyini və bununla da saxta "erməni soyqırımı" Konqresdə qəbul edilmədən əvvəl Ermənistanla münasibətlərin yaxşılaşmasına çalışdığını iddia edirlər. Çünki aprelin 28-də qondarma "erməni soyqırımı" yenidən gündəmə gətiriləcək.

Şübhəsiz ki, həm Ermənistan, həm də Türkiyə iki dövlət arasında əlaqələri bərpa etmək istəyindədirlər.

Türkiyədən fərqli olaraq ermənilər öz uzaqgörən siyasətlərinə əsaslanaraq, ölkəni yuvarlanmaq ərəfəsində olduqları fəlakətdən çıxarmaq üçün vasitəçilər axtarmaq niyyətindədirlər.

Əslində Ermənistan dünyaya çıxışı İran vasitəsi ilə də həyata keçirə bilər, lakin burada Ermənistanı düşündürən bir məsələ var: İranla ABŞ arasında olan gərgin münasibətlərin fonunda Tehran-Yerevan münasibətləri nə vaxta kimi davam edəcək.

Həmişə olduğu kimi Ermənistan baş verən bir çox hadisələrdən öz xeyir və mənafeyini üçün faydalanmağa çalışır.

Bir çox ölkələrdə Qəzzada baş verən son hadisələrə müxtəlif səpkidə reaksiya verildi. Bu ölkələr içində İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlara ən kəskin şəkildə reaksiya verən isə Türkiyə oldu.

Baş nazir Ərdoğan isə Davosda keçirilən iqtisadi forumda İsrail Prezidenti Şimon Perezlə beş dəqiqəlik debatı ilə kimlər üçün qəhrəman, kimlər üçün isə hisslərini cilovlaya bilməyən siyasətçi kimi tarixə düşdü.

Ərdoğan İsraili Qəzzada dinc əhaliyə qarşı soyqırım törətməkdə təqsirləndirdi.

Türkiyədə, Fələstində, Misirdə və bir sıra ərəb ölkələrində Ərdoğan milli qəhrəman elan edildi, bəzi ərəb dövlətlərində isə "bizim də bir Əroğanımız olaydı " kimi fikirlər söylənildi.

Ərdoğanın bu hərəkətinin Türkiyə-İsrail münasibətlərinə xələl gətirəcəyini düşünənlər və bundan da ermənilərin yəhudi lobbisi ilə yaxınlaşacağını ehtimal edənlər də oldu. Lakin Türkiyə-İsrail münasibətləri əvvəlki səviyyəsində qaldı.

Ərdoğanın Davos debatı hakimiyyəti nəyin bahasına olursa olsun əlində saxlamaq istəyən ərəb liderlərinin maraqlarına uyğun deyildi. Çünki Osmanlının və İslam xilafətinin son varisi olan Türkiyə bir anda bütün İslam və xüsusən də ərəb dünyasında sözün əsl mənasında liderliyi əldə etdi.

Baş verən hadisələr isə ərəb dünyasının "anası" hesab edilən, 20 ilə yaxın fövqəladə hal vəziyyətində idarə olunan Misirdən yan keçə bilməzdi.

Ərəblərin Türkiyəyə qarşı atdığı ilk adekvat addım isə, ərəb ölkələri XİN başçılarının iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərində Qəzzaya həsr olunmuş görüşdə "qeyri-ərəblərin Fələstin probleminin həllinə müdaxiləsinin yol verilməz olması" qərarı idi.

Verilən qərarın rəsmi Ankara üçün bir o qədər də mahiyyət kəsb etmədiyini görən Misir lideri Hüsnü Mübarək, Ərdoğana regionda kimin kim olduğunu göstərmək üçün fevralın 12-də rəsmi səfərlə Ankaraya yola düşdü.

İlk baxışdan hər şeyin yoluna düşdüyünü hesab etmək olardı, lakin Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Qahirə səfəri hər şeyi alt-üst etdi.

Səfər çərçivəsində Ermənistan və Misir arasında "diplomatik münasibətlərin inkişafı" və "siyası əlaqərələrin möhkəmlənməsindən" başqa heç nə müzakirə olunmadı.

Erməni nazirin Qahirəyə səfəri fonunda isə Misir Türkiyəyə açıq-açığına işmarıc verməkdə idi. Həmişə olduğu kimi Ermənistan bu dəfə də super güclərin siyasi oyuncağına çevrildi.

Nalbandyanın Dəməşq səfəri isə daha yadda qalan oldu. Suriya Prezidenti Bəşşar Əsədlə görüşən erməni nazir Dəməşqdən Türkiyə-Ermənistan danışıqlarında vasitəçi kimi çıxış etməsini istədi. "Dağlıq Qarabaq probleminin hələ də həll olunmamağına baxmayaraq, Ankara ilə Yerevan arasında dialoqun olacağına inanıram və istərdim ki, Suriya iki dövlət arasında vasitəçi kimi çıxış etsin," - deyə Nalbandyan bildirib.

Erməni nazirin istəyi hələ də cavabsız qalsa da bir çox ekspertlər Suriyanın Ankara və Yerevan arasında vasitəçi kimi çıxış etməsinin mümkün olmadığını hesab edirlər. Təbii ki, Ermənistanın belə bir bəyanatla çıxış etməsində məntiq var. Yerevan Ermənistan-Türkiyə danışıqlarının tezləşməsi üçün çalışır, çünki sərhədlərin açılması ilə Ermənistan Türkiyə vasitəsilə Yaxın Şərq ölkələrinə çıxış əldə etmək istəyindədir.

Suriya ilə Ermənistan siyasi baxımdan bir çox sahədə əməkdaşlıq etsə də Dəməşqin İsrail-Suriya danışıqlarında vasitəçi kimi çıxış edən Ankaraya təsir etmək imkanı yoxdur.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti