...

Azərbaycanın Baş Prokurorluğunda bu il korrupsiyaya görə 25 şəxs barəsində cinayət işi açılıb

Siyasət Materials 10 Mart 2009 14:12 (UTC +04:00)
Azərbaycanın Baş Prokurorluğunda bu il korrupsiyaya görə 25 şəxs barəsində cinayət işi açılıb

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir K.Zərbalıyeva / 

2009-cu ilin əvvəlindən indiyədək baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 25 şəxs barəsində 15 cinayət işinin istintaqı tamamlanaraq baxılmaq üçün məhkəməyə göndərilib, Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə axşamı Trend -a məlumat verilib.

Hazırda İdarədə 37 cinayət işinin istintaqı davam etdirilir.

Həmin cinayət işləri sırasında Ağcəbədi rayon "Aqroservis" filialının vəzifəli şəxsləri, "Kapital bank"ın Qobustan rayon filialının rəhbəri, "Milli depozit mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin Deponentləşdirmə şöbəsinin rəisi barəsində açılmış cinayət işləri var.

Ağcəbədi rayon "Aqroservis" filialının vəzifəli şəxsləri barəsində aparılan cinayət işinin istintaqı ilə müəyyən edilib ki, filialın rəhbərliyi əkin mövsümü ərəfəsində rayon sakinlərinə gübrə satılacağı barədə məlumatlar verərək, gübrə almaq üçün müraciət etmiş vətəndaşlarla gübrə satışı barədə müqavilələr bağlayıb. Lakin müəyyən müddətdən sonra guya rayona gübrə verilməməsi, tələb olunan miqdarda gübrə ayrılmaması barədə sayiələr yayaraq, adlarına gübrə satışı rəsmiləşdirilmiş vətəndaşları aldadıb, onlara verilməsi nəzərdə tutulmuş gübrənin əvəzində nağd pul təklif edərək, gələcəkdə heç bir borc ödəməyəcəklərini bildiriblər.

Müəyyən edilib ki, Ağcabədi rayon "Aqroservis" filialına ayrılmış gübrələr filialın müdiri Qasım Kərimov tərəfindən anbardan, bir çox hallarda isə dəmir yolu stansiyalarından topdansatış qaydasında ayrı-ayrı şəxslərə nağd pula satılıb, əldə olunmuş 307260.78 manat pul isə mənimsəmə və israf etmə yolu ilə talanıb.

Törətdiyi əməllərinə görə Kərimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci və 179.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

"İnter star" beynəlxalq şirkətinə kredit kimi rəsmiləşdirilmiş 65000 manat pulun mənimsənilməsi barədə daxil olmuş müraciət üzrə başlanılmış cinayət işinin istintaqı ilə müəyyən edilib ki, "Kapital bank"ın Qobustan rayon filialının müdiri vəzifəsində işləyən Pərvin Kazımov öz qulluq mövqeyindən sui-istifadə etməklə bankın kredit komitəsindən müvafiq qaydada icazə almadan, bankın digər müştərilər qarşısında olan öhdəliklərinin təmini üçün nəzərdə tutulmuş və bu məqsədlə filiala göndərilmiş puldan 65000 manatını mənimsəmək məqsədilə Sumqayıt şəhərində yerləşən, dəyəri 245000 manat təşkil edən qeyri-yaşayış sahəsini kreditin qaytarılmasının təminatı kimi ipoteka yüklü edilməsi barədə "İnter star" beynəlxalq şirkətinin direktoru Arzu Mirzəyevin adına sonuncuya 12 ay müddətinə 24 faizlə 65000 manat kredit verilməsi barədə kredit və ipoteka müqavilələrinin bağlanılmasını və bununla bağlı digər sənədləşmələrin aparılmasını təşkil edib. Daha sonra həmin pulun Arzu Mirzəyevə verilməsi barədə xəzinə məxaric orderi tərtib etdirib ona imzaladıb, lakin göstərilən pulu özü götürüb mənimsəməklə özgə əmlakını külli miqdarda talamışdır. Törətdiyi cinayət əməlinə görə Kazımov Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək tutulub.

İdarənin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birgə apardığı araşdırma zamanı müəyyən edilib ki, "Milli depozit mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin Deponentləşdirmə şöbəsinin rəisi Cavanşir Hacıyev 2006-cı ilin iyun ayından 2009-cu ilin fevralınadək öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş Deponentləşdirmə şöbəsinin xəzinəsində saxlanılan 861.973,9 manat dəyərində, yəni külli miqdarda 193.702 ədəd dövlət özəlləşdirmə çeklərini (48.425,5 ədəd dövlət özəlləşdirmə payını) mənimsəyərək talayıb.
Həmin fakt üzrə 2009-cu il martın 5-də başlanılmış cinayət işi üzrə Hacıyev Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 2008-ci ildə 121 nəfər şəxs barəsində 70 cinayət işinin istintaqı tamamlanaraq baxılmaq üçün məhkəməyə göndərilib.

34 cinayət işi aparılmış araşdırmalar əsasında bilavasitə idarə tərəfindən başlanılıb. Həmin cinayət işlərindən 4-ü rüşvət, 12-si vəzifədən sui-istifadə etmə, 5-i vəzifə səlahiyyətlərini aşma, 4-ü vəzifə saxtakarlığı, 2-si vergidən yayınma, 2-si səhlənkarlıq, 1-i nüfuz alveri, 40-ı qulluq mövqeyindən sui-istifadə etməklə talama və digər korrupsiya hüquqpozmaları ilə bağlı olub.

İstintaqı başa çatdırılmış işlər üzrə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyatı müəssisə və təşkilatların rəhbərlərinə 32 təqdimat verilib.

Həmin təqdimatlara əsasən, bir sıra işçilər intizam qaydasında cəzalandırılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti