...

Mehriban Əliyevanın "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsi Azərbaycan parlamentinin plenar iclasında müzakirə ediləcək

Siyasət Materials 11 Mart 2009 14:21 (UTC +04:00)
Mehriban Əliyevanın "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsi Azərbaycan parlamentinin plenar iclasında müzakirə ediləcək

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycanın birinci xanımı, deputat Mehriban Əliyeva tərəfindən parlamentə təqdim olunmuş "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsi Milli Məclisin (parlament) martın 17-də keçiriləcək plenar iclasında müzakirə ediləcək. 

Milli Məclisin üzvü, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 10-da doqquz min məhbusa aid ediləcək "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qanun layihəsini parlamentə təqdim edib. Layihə 1700 məhbusun azadlığa buraxılmasını nəzərdə tutur.

Azərbaycan parlamentinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, Akt humanist addım kimi qiymətləndirilə bilər. "Akt çox insana şamil edilir. Amnistiya Aktının tətbiqi ölkənin ictimai-siyasi həyatına və kriminagen duruma təsir göstərmir", - deyə Hüseynov əlavə edib.

Komissiyanın üzvü, deputat Fəzail Ağamalı bildirib ki, doqquz min ailə Novruz bayramını yaxşı əhval-ruhiyyədə qarşılayacaq. Onun sözlərinə görə, Akt dövlətin əsas prinsiplərinə - "insanlıq və humanizm"ə uyğundur.  

Deputat Azay Quliyev bildirib ki, Mehriban Əliyevanın artıq ikinci dəfə belə bir təşəbbüs ilə çıxış etməsi hamını sevindirir. "Amnistiya Aktının Novruz bayramı ərəfəsində olması xüsusi olaraq əlamətdardır", - deyə o əlavə edib.

Deputat Qüdrət Həsənquliyev vurğulayıb ki, amnistiya birinci və ikinci qrup əlillər, 20 yanvar hadisələrində və Xocalı faciəsində zərər çəkən insanların qohumları və azadlığa çıxmasına bir il qalmış qadınlara aid ediləcək.

"Akt layihəsi mükəmməl hazırlanıb. Bütün məhbusların 10 faizi azadlığa çıxacaq. Akt ölkədə kriminagen vəziyyət yaratmayacaq", - deyə Həsənquliyev bildirib.

Əvvəllər parlament Mehriban Əliyeva tərəfindən 2007-ci ilin mayında təqdim olunmuş "Amnistiya Aktı haqqında" Qanun layihəsini qəbul edib. Bu Akt doqquz min məhbusa aid edilmiş, onlardan 1500 nəfər cəzaçəkmədən azad edilmişdi.

1994-cü ildən indiyədək imzalanan 45 əfv fərmanı əsasında 4858 nəfər cəzaçəkmədən azad edilib. Bu fərmanların 32-si Ümummilli lider Heydər Əliyev, 13-ü prezident İlham Əliyev tərəfindən imzalanıb. Indiyədək qəbul olunan səkkiz Amnistiya Aktı 40 min məhbusa aid edilib.

Ağır və xüsusilə ağır cinayət törədən şəxslər, qəsdən törətdikləri cinayət üzrə ümumi miqdarı 50 min manatdan artıq olan məbləğdə ziyan vuran, maddi ziyanı tam ödəməmiş şəxslər, xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum olunmuş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunanalar, 1991-ci il oktyabrın 18-dən sonra Amnistiya Aktı və əfv fərmanı ilə cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzası çəkməkdən azad olunan və yenidən qəsdən cinayət törədən şəxslər, cəzaçəkmə müəssisəsində, intizam xarakterli hərbi hissədə və ya xüsusi müəssisədə cəzaçəkərkən qəsdən cinayət törədən şəxslərə Amnistiya Aktı tətbiq edilə bilməz.

Xəbər lenti

Xəbər lenti