...

İlham Əliyev Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub

Siyasət Materials 14 Mart 2009 17:47 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində aparılmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Prezident əvvəlcə birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, o cümlədən ədəbiyyatına diqqət və qayğısını əks etdirən fotoguşəyə baxıb. Burada ulu öndərin büstü qoyulmuş, onun "Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi nadir bir binadır, unikal bir muzeydir. Oranı qorumaq, saxlamaq lazımdır" sözləri yazılmış lövhə asılmışdır. Eyni zamanda, bu mədəniyyət ocağının Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir edilməsi və yenidən qurulmasını bildirən lövhə də vardır.

Muzeylə yaxından tanışlıq zamanı məlumat verildi ki, 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilmiş bina 1915-ci ildə ikinci mərtəbə artırılaraq mehmanxana, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin həm iş, həm yaşayış yeri, 1920-1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqının inzibati binası kimi fəaliyyət göstərmişdir. 1939-cu ilin noyabrında Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Nizami Muzeyi yaradılaraq, həmin binada yerləşdirilməsi məqsədi ilə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi ilə əsaslı yenidənqurma işləri aparılıb, fasadda heykəllər qoyulub, daha iki mərtəbə əlavə edilib.

Uçmaq təhlükəsi olan binanın təməli və bütün divarları möhkəmləndirilib.

Dövlət başçısı Yaxın və Orta Şərqdə, eləcə də Avropada yeganə ədəbiyyat muzeyi olan bu mədəniyyət ocağının böyük konfrans salonunu, "Qədim dövr", "Dədə Qorqud", "Nizami Gəncəvi", "Məhsəti Gəncəvi", "Xaqani Şirvani", "İmadəddin Nəsimi", "Məhəmməd Füzuli", "Şah İsmayıl Xətai" salonlarını gəzib.
Prezident İlham Əliyev muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb:

"Nizami adına Azərbaycan Milli Ədəbiyyatı Muzeyinin təmirdən sonra yenidən fəaliyyətə başlaması müasir Azərbaycan tarixində çox əlamətdar hadisədir. Muzeydə nümayiş etdirilən eksponatlar və sənət əsərləri Azərbaycan xalqının nə qədər zəngin mədəniyyətə malik olduğunu göstərir. Muzeyin bütün əməkdaşlarına yeni uğurlar arzulayıram" 

Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevin həyat və mübarizələr yoluna həsr edilən, bürüncdən hazırlanmış heykəltəraşlıq kompozisiyası hədiyyə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti