...

Qərb mətbuatı qadınlarla bağlı Əfqanıstanın yeni qanunu səhv əks etdirib - Qadınlar məsələləri üzrə nazirliyin rəsmisi

Siyasət Materials 6 Aprel 2009 10:15 (UTC +04:00)
Qərb mətbuatı qadınlarla bağlı Əfqanıstanın yeni qanunu səhv əks etdirib - Qadınlar məsələləri üzrə nazirliyin rəsmisi

Azərbaycan, Bakı, 5 aprel /Trend  News, müxbir D.Xatınoğlu/ Əfqanıstanda yaşayan şiələrlə bağlı parlamentdə təsdiq olunmuş qanuna yenidən baxılacaq, lakin, bunu da demək lazımdır ki, Qərb KİV-ləri bu qanunu düz əks etdirməyiblər. Bu sözləri Trend -a Əfqanıstanın Qadınlar məsələləri üzrə Nazirlik rəsmisi Vədan Fərahi (Vadan Farahi) bildirib.
Əfqanıstan parlamenti fevral ayında şiə qadınlarla bağlı yeni qanun təsdiq edib. Yeni qanunun 132-ci maddəsində qeyd olunub ki, kişi istədiyi zaman (bəzi mülahizələri istisna etməklə) qadını ilə cinsi əlaqəyə girə bilər və qadın buna etiraz etməməlidir. Eyni zamanda qanuna görə, "qadın zəruriyyət halları istisna etməklə digər vaxtlarda yoldaşından icazəsiz evdən çıxa bilməz". Qanundakı maddələrə insan haqları müdafiəçiləri etiraz ediblər. Qanun prezident Hamid Kərzai tərəfindən təsdiqlənib.
Fərahinin fikrincə, Qərb KİV-ləri bu qanunu düz tərcümə etməyib və onun mahiyyətini beynəlxalq ictimaiyyətə düz çatdırmayıblar. "Onu da qeyd edim ki, hazırda Ədliyyə Nazirliyi bu qanuna yenidən baxır və əgər həmin qanun konstituasiyaya yaxud şəriətə uyğun olmasa, müvafiq dəyişikliklər olunacaq"- deyə, Fərahi bazar günü telefonla Kabildən bildirib.
Reuters agentliyinin aprelin 5-də yaydığı məlumata əsasən, qadın haqları müdafiəçiləri şiə qadınlar haqda təsdiq olunmuş qanunu pisləyərək, bu addımı "insan haqlarının pozulmasına qanuni "don geydirmək" cəhdi" kimi dəyərləndiriblər.
Əfqanıstan Vətəndaş Cəmiyyəti və İnsan Haqları Şəbəkəsinə rəhbərlik edən heyətin üzvü Məhəmməd Nəim Nəzəri (Mohammad Naim Nazari) Trend -a bildirib ki, bu qanunda dəyişilklik labüddür. "Bu qanun faktiki olaraq insan haqlarının pozulmasına imkan verir. Təəssüfedici bir haldır ki, Əfqanıstanda mədəni və beynəlxalq normalar məzhəbi şəxslərinin mənafeinə görə pozulur" - deyə o vurğulayıb.
Nəimin sözlərinə görə, çox ehtimal ki, növbəti prezident seçkilərində şiələrin dəstəyini qazanmaq üçün prezident Kərzai bu qanunu təsdiq edib.
Lakin, Əfqanıstan Müstəqil İnsan Haqları Kommisiyası rəhbərinin müşaviri, professor Məhəmməd Möhsün Fərid (Mohammad Mohsen Farid) isə Trend -a açıqlamasında bildirib ki, qanunda qeyd olunan maddələr insan haqlarını pozmur. "Onlar xalqın tələbatına və konstitusiyaya uyğundur. Lakin bəzi bəndlər yumşaldılsa yaxşı olardı" - deyə o vurğulayıb.
Qadın məsələləri üzrə nazirin sözçüsü qadın haqlarının Əfqanıstanda pozulması haqda yayılan bəzi xəbərləri rədd edərək, qeyd edib ki, ölkədə qadınların haqlarının qorunması uğrunda böyük addımlar atılır. Fərahi taliblərin 2001-ci ildə devrilməsindən indiyədək qadınların hüquqlarının bərpası isitqamətində atılan addımları xatırladaraq bildirib ki, nəticə etibarilə hazırda dövlət işçilərinin 21 faizini qadınlar təşkil edir. "Rəhbərlik vəzifəsində xidmət göstərənlərin 9 faizi qadındır. Qadınlar bütün sahələrdə inkişaf edirlər, nazirlik və deputat vəzifələrində çoxlu sayda qadın var"- deyə Fərahi bildirib.
Nəim qadınlar haqda yeni qanunun beynəlxalq konvensiyalara, həmçinin Əfqanıstanda qanunun aliliyinə ziddir. Onun sözlərinə görə, qanunlar insana dəyər vermək, beynəlxalq normalara uyğun olmaq və demokratik prinsiplərə riayət etmək uçün olmalıdır. Nəim Əfqanıstanın Beynəlxalq Siyasi-Mədəni Konvensiyaya, habelə qadınlara qarşı cinsi ayrıseçkilik konvensiyasına imza atdığını xatırladaraq, qadınlar haqda yeni qanunun ləğv olunmasının yaxud dəyişdirilməsinin vacibliyini vurğulayıb.
Lakin Müstəqil İnsan Haqları Kommisiyasının müşaviri bildirib ki, qadınlar haqda təsdiq olunmuş yeni qanun konstitusiyanın 131-ci maddəsinə əsasən hazırlanıb. "Bu maddədə şiələrə icazə verilib ki, öz məişətlərini şiə məzhəbinin şəriəti ilə idarə etsinlər"- deyə Fərid bildirib.
Hazırda qeyri-rəsmi məlumatlara əsasən Əfqanıstan əhalisinin 19 faizini şiələr təşkil edir.
Fərid bildirib ki, şiə şəriəti və beynəlxalq hüquq normalarına görə, nikah özündə bir sıra öhdəlikləri ehtiva edir. "Kişinin haqqı var ki, qadın ona tabe olsun, lakin, bu tabeliyi zorakılıq kimi qələmə vermək səhvdir. Əfqanıstan xalqı müsəlmandır və şəriət qanunlarını istəyir. Bu, insan haqlarının pozulması deyil" - deyə hüquq müdaiəçisi əlavə edib. Qadının ərinin icazəsi olmadan evdən çıxmasına qoyulan qadağaya gəldikdə isə Fərid hesab edir ki, məcburiyyət qarşısında qaldığı zaman qadının evdən çıxmasına qadağa qoyulmayıb.  Onun sözlərinə görə, "əxlaqi mənafeyə" əsasən ər-arvad bir-birinə limit qoya bilərlər.
Nəim Müstəqil İnsan Haqları Kommisiyası müşavirinin sözlərini rədd edərək, bildirib ki, ölkə ideoloji təfəkkürlə idarə olunmamalıdır, çünki bu, parlamentin müstəqilliyinə zərbədir.
Hazırda Ədliyyə Nazirliyində qadınlar haqda qanuna yenidən baxılır. Ədliyyə nazirinin şiə olduğu nəzərə alınsa, bu qanuna nə dərəcədə dəyişiklik edəcəyinə razılıq verəcəyi məlum deyil.

Xəbər lenti

Xəbər lenti