...

Azərbaycan islamçıları bələdiyyə seçkisində iştirak etməmək barədə qərar veriblər

Siyasət Materials 7 Aprel 2009 11:43 (UTC +04:00)

Azərbaycan, Bаkı, 07 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan islamçıları bələdiyyə seçkisində iştirak etməsələr də, parlament seçkilərinə qatılacaqlar.

"Bələdiyyələrə namizədlərimizin irəli sürülməməsinin səbəbi bu qurumun səlahiyyətsiz olması ilə bağlıdır", - çərşənbə axşamı Trend -a Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi 2009-cu ilin payızında keçiriləcək. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü ildə yerli özünüidarəetmə orqanlarına seçki keçirilib. Parlament seçkilərinin isə 2010-cu ilin payızında keçirilməsi nəzərdə tutulur.

Abbaslının sözlərinə görə, müxalifət bələdiyyə seçkisinə hazırlığa start versə də, uğur qazanacağına ümidlər azdır. "Müxalifətin seçkilərdə uğur qazana bilməməsinin əsas səbəbi cəmiyyətin aktiv təbəqələri arasında dəstəklənməməsidir. Hesab edirəm ki, müxalifət düzgün taktika seçməlidir", - AİDP sədri əlavə edib.

Abbaslı deyib ki, onların əsas hədəfi 2010-cu ildə keçiriləcək parlament seçkiləri olacaq. "Gələn il keçiriləcək parlament seçkilərində iştirak etməyə iddialıyıq. Mən və partiyanın bir neçə üzvü seçkiyə qatılmaq niyyətindəyik. Ona görə də hazırlığımızı bu hədəf istiqamətində quracağıq", - partiya sədri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti