...

Azərbaycanın milli təhlükəsizlik naziri ukraynalı həmkarını qəbul edib

Siyasət Materials 10 Aprel 2009 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sədrini qəbul edib.

MTN-in İctimai Əlaqələr Mərkəzindən cümə günü Trend -a verilən məlumata görə, milli təhlükəsizlik naziri, general-leytenant Mahmudov görüşdə Nikolay Malomucun ilk səfərini hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirib.

Nazir Azərbaycanda təhlükəsizliyin təmin olunması, cinayətkarlıqla mübarizə sahəsində MTN tərəfindən görülən işlər barədə danışıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadlar və digər faktorlar, habelə bununla əlaqədar görülən adekvat tədbirlər barədə məlumat verib.

Görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlıq, hazırda ən aktual problem olan terror­çu­luqla mübarizə sahəsində görülən işlər, narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri, bundan irəli gələn məsələlərlə bağlı fikir mübadiləsi apa­rılıb, Ukrayna və Azərbaycanın xüsusi xidmət orqanları arasında işgüzar və səmərəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Qonaq Ukrayna və Azərbaycan, həmçinin müvafiq strukturlar arasında münasi­bət­lərin inkişafından məmnun olduğunu, ötən gün Ukrayna Xarici Kəşfiyyat Xidməti və Milli Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlığa dair imzalanmış sazişin ölkələrimizin əlaqələrinin daha da möhkəm­lən­məsi üçün faydalı olaca­ğına əminliyini qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti