Gürcüstan, Tbilisi, 13 aprel / Trend , müxbir N.Kirtsxaliya /
"Ədalətli Gürcüstan naminə" partiyasının lideri sabiq baş nazir Zurab Noqaideli müxalifətin növbəti aksiyalarında iştirak etməkdən imtina edib. Noqaidelinin "Versiya" qəzetinə dediyinə əsasən, onun partiyası müxalifətin aksiyalarından imtina edərək mitinqlərdə iştirak etməməyi qərara alıb.
"Aprelin 9-da mən və mənim tərəfdaşlarım Prezident Saakaşvilinin istefası tələbi ilə Batumidə minlərlə insanın iştirak etdiyi möhtəşəm mitinq keçirdik. Elə həmin gün Tbilisidə müxalifətin möhtəşəm mitinqi baş tutdu. Bunlar Gürcüstan tarixində böyük hadisə və önəmli addımdır. İndi isə biz oyundan çıxırıq", - Noqaideli deyib.
Bu addımın səbəblərini açıqlamayan Noqaideli deyib ki, her şey barədə 9 aprel aksiyaları başa çatdıqdan sonra danışacaq.
"Versiya"nın məlumatına əsasən, bəzi partiya liderləri müxalifətin Tbilisidəki mitinqlərində Noqaidelinin iştirak etməsinin əleyhinə olublar.
Qəzetin məlumatına görə, "sözügedən müxalifətçilər Tbilisi mitinqlərinin təşkilatçılarına ultimatum veriblər - Noqaideli aksiyalarda iştirak edəcəyi halda buna etiraz olaraq mitinqi tərk edəcəyik".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]