Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir D.İbrahimova /
İsrail hazırda İran üçün ciddi təhlükə deyil və onun BMT-yə müraciəti Tehranın Tel-Əvivin müttəfiqi olan Vaşinqtonla yaxınlaşmaq istəməməsi ilə əlaqədar ola bilər.
İranın BMT-dəki nümayəndəsi Məhəmməd Xəzai çərşənbə günü təşkilatdan İsrail tərəfdən edilən "qeyri-qanuni təhdidlər"ə qarşı müdafiə istəyib. BMT Təhülkəsizlik Şurasının üzvlərinə ünvanlanan məktubda Xəzai BMT-ni bütün imkanlarından istifadə edərək İsrailin "qanunsuz və həyasız" təhdidlərini qarşısını almağa çağırıb. Cümə axşamı İsrailin prezidenti Şimon Peres deyib ki, İsrailin İrana hücum etmək niyyəti yoxdur.
"Tehranın yardım üçün BMT-yə müraciətinə səbəb İranın sərt siyasət kursu tərəfdarlarının Amerika-İran münasibətlərinin inkişafına qarşı olması da ola bilər", - Trend -a Yaxın Şərq üzrə amerikalı ekspert deyib.
İsrail və İran rəsmi şəxsləri dəfələrlə bir-birilərini təhdid edib. İran prezidenti Mahmud Əhmədinejad İsrailin yer üzündən silinməsinin vacibliyi haqda danışıb.
Ölkə prezidenti Peres də daxil olmaqla, İsralin rəsmi şəxsləri "Tehranda sərt siyasətin saxlanılması" halında, İsrailinin İranın nüvə obyektlərinə önləyici zərbələr endirə biləcəyi haqda danışıb. Cümə axşamı Peres bildirib ki, İsrail İrana hücum etmək niyyətində deyil.
Tehranın nüvə proqramını inkişaf etdirməsi İranla dünyanın bir sıra ölkələri arasındakı münasibətlərin çətinləşməsinə səbəb olur. İranda bu proqramın sülh məramlı inkişaf etdirilməsi mövqeyinin üzərində dursalar da, ABŞ, Qərb və şərq ölkələri Tehranın nüvə silahı yarada biləcəyindən ehtiyatlanırlar.
Müşahidəçilər hesab edirlər ki, İsrailin təhdidlərinə baxmayaraq, o, Tehran üçün ciddi təhlükə deyil.
"İsrailin təhdidlərinə baxmayaraq, onun bir neçə səbəbdən İrana hücum etmək imkanı yoxdur", - İsrail üzrə iranlı ekspert Həsən Qanizade hesab edir. "İranın nüvə obyektləri ölkənin müxtəlif zonalarında yerləşdirilib ki, İsrailin hücumundan qorunmaq mümkün olsun", - Qanizade hesab edir.
"İranın güclü ordusu var və yəqin ki, Tehran cavab hücumu edərsə, İsrail ona güc gələ bilməyəcək", - Trend -a Qanizade telefonla deyib. Onun fikrincə, İrana hücum "İsrailin özü üçün pis qurtara bilər", çünki onun nüvə obyektləri bir zonada toplanıb və İranın onları məhv etmək üçün daha rahat imkanı olacaq.
İsrailin ərazisində bir neçə atom stansiyası var. İsrail rəsmiləri heç vaxt ölkədə nüvə silahının olmasını gizlətməyiblər. Ekspertlərin hesablamalarına görə, İsrailin 180-nə yaxın nüvə başlığı var.
İranın BMT-yə müraciətinin səbəbi, amerkialı ekspert Katsın fikrincə, İranın daxilində sərt siyasətə köklənmiş qüvvələrin ABŞ-la yaxınlaşmanı istəməməsidir.
Vaşinqtonun Tehranla münasibətləri 30 il əvvəl, Tehrandakı ABŞ səfirliyinin tutulmasından sonra pozulub. Bununla yanaşı, ABŞ-ın sabiq prezidenti Corc Buş İranı "şər oxu", yəni dünyada terrorizmi dəstəkləyən ölkələr sırasına aid etmişdi.
ABŞ-ın hazırkı prezidenti Barak Obama isə daha loyal mövqe tutaraq Tehranla müqəddiməsiz danışıqların mümkünlüyü haqda danışıb. İranın daxilində radikal siyasət tərəfdarları olan qüvvələr bu danışıqlara qarşıdır və məhz bu səbəbdən Vaşinqton və Tehran arasındakı münasibətlərin inkişafına mane olan fəaliyyətlə məşğuldurlar.
Belədə ABŞ İsrailin Qəzza Zolağındakı əməliyyatlarını BMT-nin Anklavdakı qan tökülməsinin dayandırılmasını tələb edən qətnaməsinə zidd olmasına baxmayaraq, dəstəkləyib.
"Amerika-İran münasibətlərinə mane olmaq üçün daha bir vasitə İran əsilli amerikalı jurnalist Roksana Saberinin cəlb edildiyi məhkəmə prosesidir", - Trend -a elektron poçtla Kats, Corc Meyson Amerika Universitetinin beynəlxalq münasibətlər departamentinin siyasət üzrə professoru deyib.
Saberi lisenziyası əlindən alınmasına baxmayaraq, İranda jurnalistika ilə məşğul olması üzündən saxlanılıb. Ancaq sonra təhqiqatla məşğul olan şəxslərin bildirdiklərinə görə, Saberi casusluq etdiyini etiraf edib. ABŞ-da Saberinin azadlığa buraxılması üçün İrana dəfələrlə müraciət etsələr də, Tehran tərəfdən müsbət reaksiya olmayıb.
Qanizadenin fikrincə, İsrail çıxış etdiyi təhdidlərlə insanların diqqətini özünün son zamanlar həyata keçirdiyi uğursuz siyasətindən yayındırmaq istəyir.
İsrailin Qəzza sektoruna HƏMAS hərəkatının məhv edilməsi məqsədilə hücumu zamanı, fələstinli tibb işçilərinin məlumatlarına görə, 1300-dən çox fələstinli həlak olub.
Digər tərəfdən, ekspertlər hesab edirlər ki, İranın bəyanatlarının səbəbi İsrailin İranla ABŞ arasındakı münasibətlərin uğuruna inanmaması ola bilər.
"İsrail hesab edir ki, bu yolla İran sadəcə vaxtı uzatmaq istəyir və nüvə proqramının inkişaf etdirilməsini dayandırmaq niyyətində deyil", - Trend -a telefonla Yaxın Şərq üzrə iranlı ekspert Əhməd Zeydabadi deyib. Onun fikrincə, İsrail İranın nüvə proqramının inkişafına aid olan məsələnin uzanmasını istəmir və buna görə də ona hücum etməklə təhdid edir.
Ekspertlər hesab edirlər ki, ABŞ İranla münasibətlərin yaxşılaşmasını istəsə də, İsrailə münasibətdə hansısa fəaliyyət həyata keçirməyəcək. "İran hökuməti bunu çox yaxşı bilir", - Kats deyib.
Katsın fikrincə, İsrail "İran tərəfindən qarşı real təhlükəni hiss edən kimi sözünə əməl edəcək".
"Dünyanın böyük hissəsi bu halda İsraili günahlandıracaq, ancaq digər tərəfdən, hamı ona minnətdar da olacaq. Beləki, İran yalnız ABŞ və İsrail üçün deyil, bütün dünya üçün böyük təhlükədir", - Kats bildirib.
Məqalənin yazılmasında iştirak edib: Т.Cəfərov.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]