...

İKT ölkələrinin hüquq-mühafizə orqanları rəhbərlərinin Bakı konfransı beynəlxalq terrorçuluğa qarşı mübarizəyə öz töhfəsini verəcək – iranlı general

Siyasət Materials 22 Aprel 2009 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir T.Cəfərov /

İslam Konfransı Təşkilatına (İKT) üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin Bakı konfransı beynəlxalq terrorçuluğa qarşı mübarizəyə öz töhfəsini verəcək. Bu barədə çərşənbə günü Bakıda səfərdə olan İran Polis Komandanlığının rəis müavini general Əhməd Rza Radan Trend -a bildirib.

"İki günlük konfrans yüksək səviyyədə keçdi və ölkələrin birgə səyləri ilə konfransın nəticələri daha da yaxşı ola bilər", - iranlı general bildirib.

Trend -un arayışı: Aprelin 21-22-də Bakıda İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransı keçirilib.

Konfrans hüquq-mühafizə sahəsində İslam Konfransı Təşkilatına üzv olan dövlətlər arasında qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərinin müəyyən edilməsinə yönəlib. Konfrans zamanı İKT dövlətləri arasında transmilli mütəşəkkil cinayətkarlıq, xüsusilə beynəlxalq terrorçuluq, ekstremizm, təcavüzkar separatizm, silahların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, korrupsiyanın qarşısının alınması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Konfransın sonunda Bakı Bəyannaməsi qəbul edilib.

Radanın sözlərinə görə, transmilli mütəşəkkil cinayətkarlıq, beynəlxalq terrorçuluq, ekstremizm, təcavüzkar separatizm, silahların, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi dünya ölkələrinin əsas problemlərindəndir, lakin terrorizm anlayışı hər ölkədə bir cür qəbul edilir. "Bakı konfransında İslam ölkələri terrorizm anlayışı üçün vahid məna müəyyənləşdirməyə çalışdılar ki, hər kəs terrorizm anlayışını öz xeyrinə yozaraq digər ölkələrə, xüsusilə İslam ölkələrinə qarşı ittihamlar irəli sürməsin", - o bildirib.  

İranlı general Bakı konfransında İslam Konfransı Təşkilatına üzv olan ölkələrin hüquq-mühafizə orqanları rəhbərlərinin növbəti konfransında daimi katibliyin yaradılması ilə bağlı təklifini bildirib. "Ölkələr həmin katibliklə daimi əlaqələr saxlamaqla yeni təcrübələr və ölkələr üçün səmərəli məlumatlar əldə edərək əməkdaşlıqlarını artıra biləcəklər", - Radan bildirib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti