...

Türkiyə hökuməti daimi deyil, Türkiyə-Azərbaycan münasibətləri isə daimidir – Türkiyə müxalifətinin lideri

Siyasət Materials 28 Aprel 2009 17:49 (UTC +04:00)
Türkiyə hökuməti daimi deyil, Türkiyə-Azərbaycan münasibətləri isə daimidir – Türkiyə müxalifətinin lideri

Azərbaycan xalqı bilməlidir ki, Türkiyə-Azərbaycan münasibətləri daima qalacaq, eyni zamanda Türkiyənin hazırkı hökuməti daimi deyil. CNN Turk telekanalının yaydığı xəbərə görə, bu barədə Türkiyənin müxalifyönlü Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal bildirib.

"Azərbaycanda hamı Türkiyə-Ermənistan sərhədlərinin açılmasından narahatdır, çünki bu Bakı ilə Ankaranın münasibətlərinin pisləşməsinə səbəb olacaq", - deyə Baykal vurğulayıb.

O, əlavə edib ki, Baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycan siyasətçilərinə ünvanladığı ittihamlar yanlışdır.

Türkiyə hökumətinin rəhbəri Ərdoğan bir sıra Azərbaycan siyasətçilərini Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsini mürəkkəbləşdirməkdə ittiham edib.

Baykal hesab edir ki, bu ittihamlara görə üzr istəmək lazımdır.

Onun fikrincə, Türkiyə Ermənistanla münasibətlərdə böyük güzəştlərə gedir, lakin Ankara dərk etməlidir ki, vaxt ötdükcə ona qarşı tələblər artacaq.

Ermənistan-Türkiyə münasibətləri ilə bağlı o, hesab edir ki, Barak Obamanın 24 aprel tarixində qondarma erməni "soyqırımı" hadisələri ilə bağlı çıxışı bir daha sübut etdi ki, o, ermənilərlə həmrəydir.

"ABŞ ermənilərlə münasibətdə balansa riayət etmir. Obama çıxışı zamanı 1915-ci ildə baş verən hadisələrdə türk və müsəlmanların həlak olmasını xatırlamadı", - deyə o bildirib.

Ermənilər hər il 24 aprel tarixində Ankaraya qarşı əsassız iddialarla çıxış edərək və tarixi faktları saxtalaşdıraraq qondarma "soyqırım"ın ildönümünü qeyd edirlər.

Türkiyənin "Cihan" telekanalının verdiyi xəbərə görə, ABŞ Prezidenti Obama 1915-ci il hadisələri barədə çıxışı zamanı "soyqırım" sözündən istifadə etməyib. Bununla belə o, erməni dilində "böyük faciə" anlamını verən ifadə işlədib.

Baykal əlavə edib ki, Ermənistanın Türkiyənin ünvanına "soyqırım" törətməklə bağlı ittihamları ciddi problemdir və məhkəmə bu mövzu ilə bağlı qərar verməyincə sübut olunmayacaq.

"Obamanın sözləri - hökumətin zəif xarici siyasətinin nəticəsidir", - deyə o hesab edir.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti