...

İsveçrənin Saberinin azadlığı ilə bağlı vasitəçiliyi və İranın benzin problemi – Trend News-un icmalçısı

Siyasət Materials 14 May 2009 08:38 (UTC +04:00)
İsveçrənin Saberinin azadlığı ilə bağlı vasitəçiliyi və İranın benzin problemi – Trend News-un icmalçısı

Trend -un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

İsveçrədə yayılan "Basler Zeitung" qəzetinin məlumatına əsasən, keçən ay Cenevrədə BMT-nin keçirdiyi iclasda İran Prezidentinin isveçrəli həmkarı ilə görüşündə, dörd ay bundan əvvəl həbs olunmuş İran əsilli ABŞ jurnalisti Roksana Saberinin azadlığa buraxılması barədə müzakirələr aparılıb.

Bundan əvvəl Hans-Rudolf Merz Mahmud Əhmədinejad ilə görüşünə görə yetərincə danlanılsa da, görüş haqqında heç bir rəsmi məlumat verilmədi, lakin görünür ki, Merzin Əhmədinejadla görüşü tamamilə müsbət bir nəticə verib.

Casusluqda təqsirli bilinən Saberi apellasiya məhkəməsinin qərarı ilə iki gün bundan əvvəl azadlığa buraxılıb. Bundan əvvəl isə Saberi səkkiz il həbs cəzası almışdı.

ABŞ-ın İranda 30 ildən çox bir vaxtda mənafeyini qoruyan İsveçrə dövləti birinci dəfə deyil ki, İran-ABŞ arasında vasitəçilik edib. İranın nüvə proqramını həll etmək üçün İsveçrənin təşəbbüsləri olub: İranın bir ay müddətində uranı zənginləşdirmə prosesini dayandırması və qarşılıqlı olaraq beynəlxalq sanksiyaların həmin müddətdə artırılmaması planı, yaxud İranın sentrifuqlara müəyyən bir müddətdə uran qazı (UF6) aşılamaq yerinə, digər əvəzedici qazlarla sınaqlar keçirməsi kimi variantlar İsveçrə tərəfindən təklif olunub.

İran İsveçrənin nüvə proqramı ilə bağlı təkliflərini qəbul etməsə də, bu danılmazdır ki, rəsmi Tehran İsveçrəyə böyük ehtiyac duyur. Ona görə ki, İsveçrənin xarici işlər naziri Mişel Kalemi 2008-ci ildə Tehrana səfərində bu ölkə ilə qaz təminatı sahəsində 26 milyard avro həcmində müqavilə bağlamağa hazır olduğunu bildirb və bu addım İranın beynəlxalq ictimaiyyətdən təcrid olmasının pik vəziyyətində rəsmi Tehran üçün böyük əhəmiyyət daşıyır.

Digər tərəfdən, İran ölkədə istifadə olunan benzinin 40 faizini xaricdən idxal edir və ölkəyə benzinin idxalında ən böyük pay (təxminən 80%) İsveçrə şirkətlərinin payına düşür.

ABŞ Konqresində iki ay bundan əvvəldən indiyədək İrana benzin satışı ilə məşğul olan şirkətlərə sanksiya tətbiq etmək müzakirə olunur və hazırda 50 konqresmen bu planın lehinə olduqlarını bildiriblər. İran Prezidentinin isveçrəli həmkarı ilə görüşündə bu məsələnin də artıq müzakirə edilməsi də istisna deyil.

Bundan əvvəl Qərb mediaları İranın Saberini həbs etməsindən sövdələşmə niyyətində olmasını bildirmişdilər, lakin belə bir fikir də irəli sürülmüşdü ki, İran Saberini İraqda həbs olunmuş diplomatlarının qaytarılması şərtilə azad edə bilər. İranın XİN-in mətbuat katibi Həsən Qəşqavi bu şayiələri təkzib etmişdi.

Hazırda İran böyük iqtisadi problemlərlə üzləşib. Əhmədinejadın prezidentlik dövründə ölkənin 300 milyard dollara yaxın neft satışından qazancına rəğmən, ehtiyat fondunun boşalması, neftin dəyərinin 150 dollardan 50 dollara enməsi və inflyasiyanın 25 faizə çatması Əhmədinejadı seçkiqabağı böyük çətinliklərlə üz-üzə qoyub.

Əslində, Əhmədinejad ölkəyə benzinin idxalına embarqo qoyulmasını istəmir, çünki bu, prezident seçkikləri ərəfəsində onun imicinə xələl gətirə bilər.

Xəbər lenti

Xəbər lenti