Azərbaycan, Bakı, 15 may / Trend , müxbir C.Babayeva /
Gürcüstan Azərbaycanlıları Milli Assambleyası (GAMA) mayın 20-də saat 12:00-da ölkə parlamentinin binası qarşısında etiraz aksiyası keçirmək niyyətindədirlər.
Aksiyanın məqsədi Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə ölkə hökuməti və dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir, cümə günü GAMA-nın yaydığı məlumatda bildirilib.
"Gürcüstan azərbaycanılıarının dövlətin inkişafına verdiyi dəstəyə baxmayaraq, hökumət onların problemlərinə biganə yanaşır. Azərbaycanlıların say etibarilə gürcülərdən sonra çoxluq təşkil etmələrini nəzərə alsaq, bu, yolverilməzdir", - məlumatda deyilir.
Trend -un arayışı: Gürcüstanda fəaliyyət göstərən azərbaycanlıların qeyri-hökumət təşkilatlarının qeyri-rəsmi məlumatlarına görə, ölkədə əsasən Kvemo-Kartli rayonunda (Borçalı) təxminən 500 min azərbaycanlı yaşayır.
Gürcüstan azərbaycanlıları dövlət dilinin öyrənilməsi, doğma dildə təhsil, torpaq sahələrinin alınması və onlara dövlət orqanlarında yüksək vəzifələrin verilməməsi ilə bağlı problemlərdən şikayətlənirlər.
GAMA-nın etiraz aksiyasının iştirakçıları Azərbaycan dilinə dövlət dili statusunun verilməsini və Gürcüstanın bütün ərazisinə yayımlanacaq Azərbaycan dilli televiziyanın yaradılmasını tələb edəcəklər.
Etiraz aksiyasının digər tələbləri Gürcüstanda yaşayan azərbaycanlıların dövlət idarəçiliyində təmsilçiliyinin təmin olunması, pay torpaqlarının bölgüsünün yenidən və ədalətli aparılması ilə bağlı olacaq.
Trend -un arayışı: Gürcüstan Azərbaycanlıları Milli Assambleyası 2001-ci ildə yaradılıb. GAMA Gürcüstan iqtidarına qarşı müxalifətdə olan ictimai-siyasi təşkilatdır.
GAMA-nın rəhbəri Daşqın Gülməmmədov bu ilin martında Bakıda saxlanılıb, barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]