Azərbaycan, Bakı, 22 may / Trend , müxbir K.Zərbalıyeva /
Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının 20 may tarixində keçirilən qapalı toplantısında azərbaycanli millət vəkillərini tənqid etməsi doğru deyil. Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən Trend -a daxil olan məlumatda bildirilir.
Trend -un arayışı: Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz edən azərbaycanlı qadın deputatları Qənirə Paşayeva, Lalə Abbasova, Gülər Əhmədova və Aynur Camalqızı aprel ayında Ankarada səfərdə olublar.
Türkiyə mətbuatının dünən yazdığına görə, Ərdoğan Azərbaycan Prezidentindən qadın deputatların dosyesini istəyib. Baş nazir onların Türkiyədəki çıxışlarından narazı qaldığını bildirib.
Ərdoğan ötən həftə Azərbaycana səfər edib. Azərbaycan Prezidenti ilə görüşdən sonra Türkiyənin Ermənistanla sərhədləri açmayacağını bir daha bəyan edib.
Səfirlik mənbəyi bəlli olmayan bu kimi məlumatların KİV-də yayımlanmamasını məqsədəuyğun hesab edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]