...

2009-cu ildə Azərbaycanda neft hasilatı təxminən 45 milyon ton, qaz hasilatı 25-27 milyard kubmetr təşkil edəcək - Prezident İlham Əliyev

Siyasət Materials 2 İyun 2009 11:41 (UTC +04:00)
2009-cu ildə Azərbaycanda neft hasilatı təxminən 45 milyon ton, qaz hasilatı 25-27 milyard kubmetr təşkil edəcək - Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 02 iyun / Trend , müx. S.Əliyev /

2009-cu ildə Azərbaycanda neft hasilatı təxminən 45 milyon ton, qaz hasilatı 25-27 milyard kubmetr təşkil edəcək, çərşənbə axşamı 16-cı Beynəlxalq  Xəzər neft və qaz, neft emalı, neft-kimya sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

"Təzyiqin saxlanılması üçün qazın bir hissəsi laylara ötürüləcək", - İlham Əliyev qeyd edib.

Onun sözlərinə görə, aşağı qiymətləndirmələrə əsasən, Azərbaycanın qaz ehtiyatı 2 trilyon kubmetr, orta hesablamalara əsasən isə 5 trilyon kubmetr təşkil edir.

"Növbəti illərdə Azərbaycan etibarlı energetika tərəfdaşı kimi çıxış etməkdə davam edəcək. Bununla bərabər, ölkə karbohidrogenlərin istehsalçısı, həmçinin ötürücüsü kimi çıxış etməyə hazırdır. Bu, ölkənin əlverlişli coğrafi mövqeyə və müasir infrastruktura malik olması ilə bağlıdır", - İlham Əliyev bildirib.

Energetika sektorunda münasibətlər istehsalçı, ötürücü və istehlakçı arasında qurulur. " Bu münasibətlər bazar münasibətləri və sağlam rəqabət səviyyəsində şəffaf olmalıdır", - Prezident deyib.

Onun sözlərinə görə, enerji daşıyıcılarının satışı məsələsinə baxılan zaman ədalətli qiymətlər təklif edilməlidir. Enerji daşıyıcılarının ötürülməsi məsələsi müzakirə edilən zaman münasibətlər dünya təcrübəsi əsasında qurulmalıdır.

Prezidentin sözlərinə görə, Azərbaycan energetika sektorunda qarşısına qoyduğu bütün məqsədlərə çatıb.

"Hazırda ölkə qonşu ölkələrə qaz ixrac edir və gələcəkdə ixracatın həcmi artacaq. Biz diversifikasiya məsələsini tam həll etməyə nail olmuşuq", - Prezident deyib.

"Neft amili bizim üçün məqsəd deyil, bu sadəcə vasitədir (məqsədə çatmaq üçün)", - dövlət rəhbəri bildirib.

Bu gün öz işinə başlayan beynəlxalq sərgiyə dəstəyi Azərbaycanın Energetika və Sənaye Nazirliyi və SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) göstərir. Azərbaycanda keçirilən sərgiyə beynəlxalq şirkətləri cəlb edən ITE Group PLC - Iteca Caspian LLC (Azərbaycan), ITE LLC Moscow (Rusiya), EUF (Türkiyə), GIMA (Almaniya), ITE China (Çin), ITE Gulf (BƏƏ) kimi tərəfdaş şirkətlər layihə üzərində görülən işlərə cəlb edilib.

Bu il yeni şirkətlər sərgini ümumi sahəsinin 20 faizini əhatə edəcək. Sərginin sahəsinin 40 faizindən çoxu BP, Itochu, OMV, Gas International GMBH, SOCAR, StatoilHydro ASA, TOTAL, TRAO kimi məşhur şirkətlər tərəfindən tutulub.

İyunun 3-dən etibarən 16-cı Beynəlxalq neft-qaz konfransı öz işinə başlayacaq və iyunun 4-nə kimi davam edəcək. Orada 23 ölkədən 450 nümayəndə heyəti iştirak edəcək. Konfrans məruzəçiləri arasında Azərbaycan, Türkiyə, İran və Qazaxıstanın müvafiq sahə nazirləri, o cümlədən ABŞ, Rusiya, Almaniya, İngiltərənin nazirlik və dövlət strukturlarının nümayəndələri olacaq.

Xəbər lenti

Xəbər lenti