...

Azərbaycanın hakim partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsini təklif edib

Siyasət Materials 9 İyun 2009 13:13 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsini təklif edib

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın hakim partiyasının parlamentdə təmsil olunan üzvü bələdiyyə seçkiləri ilə bağlı Seçki Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər olunmasını təklif edib.

"Məcəlləyə əlavə və dəyişikliklər bələdiyyə seçkilərinə görə zəruridir. Prezident seçkisindən və referendumdan sonra Seçki Məcəlləsində müəyyən boşluqların olduğu ortaya çıxdığından, əlavə və dəyişikliklərə ehtiyac yaranıb", - Trend -un məlumatına görə, çərşənbə axşamı Milli Məclisin növbədənkənar iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Trend -un arayışı: Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyasının ötən il oktyabrın 15-də keçirilən prezident seçkisi öncəsi birgə müzakirələrindən sonra Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, prezidentliyə namizədlərin dövlət televiziyası və radiosunda, dövlət mətbuat orqanlarında pulsuz təbliğatının aparılması qadağan olunub. Həmçinin özəl telekanallarda namizədlərin təbliğatının "Reklam haqqında" qanuna uyğun aparılması qeyd olunub.

Seçki Məcəlləsinin əvvəlki variantında prezidentliyə namizədlərə dövlət televiziyası və radiosunda pulsuz 6 saat efir vaxtı verilirdi. Bundan əlavə namizədlər özəl telekanallarda sutka ərzində seçki təbliğatı apara bilərdi. Hazırda prezidentliyə namizədlər yalnız İctimai Televiziyada pulsuz efir vaxtından istifadə edə biləcəklər.

Əlavə və dəyişikliklərdə Azərbaycan müxalifətinin təklif etdiyi seçki komissiyalarının paritet əsasda formalaşdırılması əksini tapmayıb.

Novruzov deyib ki, Məcəllədə müşahidəçilik institutunun təkmilləşdirilməsi və məntəqə üzvünün statusunun dəqiqləşdirilməsinə ehtiyac var.

Onun fikrincə, "Siyasi partiyalar haqqında" qanun da Konstitusiya və  Seçki Məcəlləsinə uyğunlaşdırılmalıdır.  

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti