...

Azərbaycan İranda stabilliyin tez bir zamanda bərpasının tərəfdarıdır - XİN

Siyasət Materials 22 İyun 2009 12:51 (UTC +04:00)
Azərbaycan İranda stabilliyin tez bir zamanda bərpasının tərəfdarıdır - XİN

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycan İranda stabilliyin tez bir zamanda bərpasının tərəfdarıdır.

"İran Azərbaycana qonşu ölkədir və biz bu ölkədə vəziyyətin müsbət olmasının tərəfdarıyıq", - deyə bazar ertəsi jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Nazir müavini İrandakı vəziyyətin kritik həddə çatmayacağına, münaqişənin siyasi yolla həll ediləcəyinə və demokratik əsasda cəmiyyətin müxtəlif qrupları arasında razılıq əldə olunacağına ümid etdiyini bildirib.

Tehranda şənbə günü polislə toqquşmalar nəticəsində 19 nəfər həlak olub, bu barədə CNN xəstəxanadakı mənbəyə istinadən bildirib.

İranda iyunun 12-də keçirilmiş seçkilərin nəticələri ilə razılaşmayan minlərlə insan etiraz aksiyaları keçirib ki, bu da polislə toqquşmaya səbəb olub. Seçkilərin nəticələrinə əsasən, Əhmədinejad seçicilərin 63,6 faizinin səsini toplayıb.

Təsdiqlənməmiş məlumatlara əsasən, küçə toqquşmaları nəticəsində 150 nəfər həlak olub.

Polis nümayişçilərin dağıdılması üçün gözyaşardıcı qazdan, dəyənək və su şırnağından istifadə edib.

Etirazçılar İranın Ali lideri Əli Xameneinin və İslam Respublikasının Təhlükəsizlik Şurasının cümə günü etdiyi xəbərdarlığa etinasız yanaşıblar. Bu xəbərdarlığa əsasən, etiraz aksiyalarında qan axıdılması baş verərsə, mitinq təşkilatçıları həbs olunacaqlar.

Reuters agentliyinin məlumatına əsasən, Musəvi həbs olunduğu halda xalqı milli tətil etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti