...

Azərbaycan parlamentində attestat ala bilməyən şagirdlərin yenidən imtahana buraxılması istənilib

Siyasət Materials 30 İyun 2009 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /  Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin deputatı orta məktəblərdə imtahan verib attestat ala bilməyən şagirdlərin yenidən imtahana buraxılmasını təklif edib.

"Mən istərdim ki, prezidentə müraciət edək, bu qədər insanların taleyinə biganə qalmayaq", - Trend -un məlumatına görə, bunu parlamentin çərşənbə axşamı keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Trend -un arayışı: Azərbaycanda mərkəzləşmiş buraxılış imtahanlarından 19770 nəfər şagird attestat ala bilməyib.

Təhsil naziri Misir Mərdanov öncə jurnalistlərə iyunun 3-dən 16-dək ölkəmizin bütün orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirildiyini qeyd edib. Səkkiz fənn üzrə keçirilən imtahanlarda 99630 şagirdin iştirak etdiyini diqqətə çatdıran nazir cari il üzrə nəticələrin ötən ildəkindən yüksək olduğunu bildirib.

"İmtahandan kəsilən şagirdlər ya yenidən imtahan verməlidirlər, yaxud onlara attestat verilməlidir", - Novruzov əlavə edib.

Onun sözlərinə görə, əgər prezident müsbət qərar qəbul edərsə, bu, humanist bir addım olardı.

"20 minə yaxın şagirdin attestat ala bilməməsi ya ölkədə təhsilin səviyyəsinin aşağı olmasının, ya da imtahanın qeyri-peşəkar keçirilməsinin nəticəsidir", - Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.

Onun fikrincə, parlament rəhbərliyi bu məsələnin həlli üçün Təhsil Nazirliyində müzakirələr aparmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti