"Türkiyə qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün ölkə daxilində olduğu kimi, onun hüdudlarından kənarda da mühüm addımlar atacaq", - Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan türk xalqına televiziya vasitəsilə müraciətində bildirib. Məlumatı Anadolu informasiya agentliyi yayıb.
Ərdoğan əlavə edib ki, pessimistlik üçün heç bir səbəb yoxdur və hökumət heç bir zaman ölkədə əmin-amanlığın və stabilliyin pozulmasına imkan verməyəcək.
"Biz heç bir zaman insan azadlığının, demokratiyanın, qanuna riayət etməyin və insan haqlarının müzakirə mövzusu olmasına imkan verməyəcəyik", - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, dünyadakı son hadisələr göstərdi ki, Türkiyənin Aİ-yə üzv olması təkcə Ankara üçün deyil, Avropa İttifaqının özü üçün də vacibdir.
"Türkiyə Aİ-nın enerji siyasəti sahəsində mühüm tərəfdaşı olacaq. Hakimiyyət dövrümüzün ilk günündən etibarən biz Türkiyənin dünyada vacib enerji dəhlizlərindən biri olması barədə danışırıq", - hökumət başçısı bildirib.
"İyulun 13-də Türkiyədə "Nabukko" üzrə hökumətlərarası müqavilənin imzalanması göstərir ki, Yaxın Şərq regionundan və Xəzər dənizindən dünya bazarlarına enerji tədarükü artıq arzu deyil, reallıqdır", - deyə Ərdoğan bildirib.