...

Azərbaycanda baş redaktorun ölümü ilə bağlı ekspertiza aparılır

Siyasət Materials 20 Avqust 2009 11:44 (UTC +04:00)
"Tolişi Sədo" qəzetinin baş redaktorunun ölümü ilə bağlı təyin edilmiş məhkəmə-tibbi ekspertizanın rəyindən sonra müvafiq qərar qəbul ediləcək, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cümə axşamı Trend News-a bildirib.
Azərbaycanda baş redaktorun ölümü ilə bağlı ekspertiza aparılır

Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir K.Zərbalıyeva /

"Tolişi Sədo" qəzetinin baş redaktorunun ölümü ilə bağlı təyin edilmiş məhkəmə-tibbi ekspertizanın rəyindən sonra müvafiq qərar qəbul ediləcək, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cümə axşamı Trend -a bildirib.

"Hazırda onun ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin edilib və ekspertizanın rəyi alındıqdan sonra toplanmış material üzrə müvafiq qərar qəbul ediləcək", - deyə Sultanov vurğulayıb.

Trend -un arayışı: "Tolişi Sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümü müstəqil araşdırılmalıdır. Bu çağırışla Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) çıxış edib.

İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılan, 10 il həbs cəzası almış Məmmədov avqustun 17-də Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat edib. İlkin rəydə onun baş beyin damarlarının kəskin trambozundan öldüyü bildirilir.

Ədliyyə Nazirliyinin Səhiyyə Baş İdarəsinin rəisi Rəfael Mehdiyev isə Trend -a bildirib ki, Məmmədov Müalicə Müəssisəsində xəstəliyinə uyğun tam müalicə alıb. İdarənin rəisi bildirib ki, Məhkəmə-tibbi ekspertizanın ilkin rəyinə görə, baş redaktor baş beyin damarlarının kəskin trambozundan ölüb.

Baş redaktor bu il iyulun 28-də 15 saylı cəzaçəkmə müəssisəsindən müalicə müəssisəsinin nevrologiya şöbəsinə köçürülüb. Aparılan müayinələr zamanı Məmmədovda boyun və bel fəqərələrinin osteoxondrozu, sağ tərəfli pleksit, hipertoniya xəstəliyinin tədricən proqressivləşən gedişli ikinci mərhələ, kəskin obstruktiv bronxitin qalıq əlamətləri, xroniki xolesistit, başlanğıç katarakta, şüşəvari cismin destruksiyası, hipertonik angioskleroz, düyünlü toksik zob xəstəliyinin birinci mərhələsi, prostat vəzin adenoması xəstəlikləri müəyyən edilib.

68 yaşlı Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda şöbə müdiri işləyib. O, Talış Mədəniyyət Mərkəzinə də rəhbərlik edirdi. 2008-ci ildə Cinayət Məcəlləsinin dövlətə xəyanət (274) və milli, irqi, dini düşmənçiliyi yayma (283-cü) maddələri ilə ittiham olunan Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Sultanovun sözlərinə görə, baş redaktor Məmmədovun ölüm faktı ilə əlaqədar Nizami rayon Prokurorluğunda tam, hərtərəfli və obyektiv araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti