...

Prezident Obama və Medvedevin görüşündə söhbət ABŞ-ın RƏM sisteminin Qafqazda yerləşdirilməsindən gedəcək – Rusiyanın NATO-dakı daimi nümayəndəsi

Siyasət Materials 23 Sentyabr 2009 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir E.Tarıverdiyeva /

Qafqazda RƏM sisteminin yerləşdirilməsi görünür ki, yaxın on ilin ikinci və üçüncü mərhələsinin işi deyil, lakin Rusiya tərəfi ABŞ-ın Qafqazda RƏM sisteminin yerləşdirilməsi planları barədə izahat gözləyir. Bu barədə Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin bildirib.

"Biz ABŞ-ın planları barədə daha ciddi izahat gözləyirik. Bu gün Obama və Medvedev görüşməlidirlər. Düşünürəm ki, bu mövzuda söhbət aparılacaq", - Trend -a telefonla Brüsseldən Roqozin bildirib.

Rusiya və ABŞ prezidentləri bu gün Nyu-Yorkda BMT-nin Baş Assambleyasının iclasında danışıqlar aparacaqlar.

Dmitri Medvedev ABŞ-a səfəri öncəsi bəyan edib ki, Moskvanın və Vaşinqtonun ilin sonunadək strateji hücum silahlarının ixtisar edilməsinə dair danışıqları başa vurmaq üçün "kifayət qədər şansı var". "ABŞ hökumətinin öz milli maraqları əsasında etdikləri kimi, Rusiyanın da bu planda etdikləri bizim milli maraqlarımıza əsaslanır", - o CNN-ə müsahibəsində bildirib.

Daha bir vacib məsələ raket əleyhinə müdafiə (RƏM) sisteminin müzakirəsi olacaq. "Prezident Obama ilə görüş zamanı RƏM də daxil olmaqla, strateji stabilliyin bütün aspektləri üzrə fikri mübadiləsi həyata keçirmək üçün yaxşı imkanımız olacaq. Hesab edirəm ki, biz Avropa və digər maraqlı dövlətlərin cəlb edilməsi ilə qarşılıqlı fəaliyyəti fəallaşdırmaq üçün ölkələrimizin müvafiq idarələrinin tapşırıqlarını yerinə yetirəcəyik", - deyə Medvedev ötən cümə axşamı, Obamanın ABŞ-ın RƏM probleminə yanaşmasına dair bəyanatına şərh verərək bildirib.

Pentaqon ABŞ-ın Avropada yeni RƏM "arxitekturası" çərçivəsində raket buraxılışlarının ilkin xəbərdarlığı üzrə RLS-i Çexiyada deyil, Qafqazda yerləşdirməyi planlaşdırır. Bu barədə cümə günü ABŞ SQ-nin qərargah rəisləri komitəsi sədrinin müavini, general Ceyms Kartrayt bildirib. Məlumatı İTAR-TASS yayıb. Kartrayt müdafiə naziri Robert Geytsin Barak Obamanın Polşada RƏM sistemləri, Çexiyada isə radarın yerləşdirilməsindən nə üçün imtina etməsini aydınlaşdırmaq məqsədi ilə keçirdiyi mətbuat konfransında iştirak edib.

Generalın sözlərinə görə, yeni arxitektura santimetr diapazonunda işləyən ilkin xəbərdarlıq radarının dislokasiyasını nəzərdə tutur. "Və çox güman ki, bu, Qafqazda həyata keçiriləcək", - Kartrayt bildirib, lakin məhz harada yerləşdiriləcəyini dəqiq deməyib.

Roqozinin sözlərinə görə, Rusiya tərəfi Qafqazda RƏM sisteminin yerləşdirilməsi barədə Kartraytın sözlərinə diqqətini yönəldib.

"Öz hərbi mütəxəssislərimizlə biz amerikalıların ilk növbədə radar qurğusu yerləşdirilməsinin real imkanlarını diqqətlə öyrənmişik", - Roqozin deyib.

O hesab edir ki, ümumiyyətlə amerikalılar geniş təsir diapozonuna malik böyük radardan imtina ediblər.

"Hesab edirlər ki, onlara malik olduqları, ağır "İcis" sinifli kreyserə quraşdırıla biləcək rakettutan sistem kifayətdir", - Roqozin deyib.

Qafqazda RƏM sisteminin yerləşdirilməsi ilə bağlı Roqozin deyib ki, amerikalılar üçün Qafqaz həm İran, həm də Türkiyədir. "Çox ehtimal ki, söhbət ABŞ-ın RƏM sisteminin Türkiyə ərazisində yerləşdirilməsindən gedir", - Roqozin əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti