Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov çərşənbə axşamı Trend -a bildirib ki, son zamanlar sürücülər iki və daha artıq hərəkət zolağı olan yollarda yolun sağ hərəkət zolağı boş olduğu halda sol hərəkət zolağı ilə hərəkət edirlər. Bu da arxadan gələn nəqliyyat vasitələrinin onu ötüb keçməsi üçün maneələr yaradır.
"Yol hərəkəti haqqında" qanunun 49-cu maddəsinin tələbinə görə, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Əks halda bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 151.1-ci (nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi) maddəsindəki qayda pozuntusu kimi qiymətləndirilərək inzibati məsuliyyət yaradır.
Məcidov bildirib ki, bir sıra hallarda sürücülər xüsusi sədd, qırmızı və ya göy sayrışan işıq siqnalları verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol vermirlər.
Bu da İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsində nəzərdə tutulan qayda pozuntusu kimi qiymətləndirilərək, 20 manatdan 40 manatadək cərimə və 3 cərimə balı ilə inzibati məsuliyyət yaradır.
BDYPİ belə pozuntularla mübarizənin gücləndirildiyini və bu pozuntulara yol verən sürücülərə qarşı ciddi tədbirlər görüləcəyini bəyan edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]