...

Bakıda Azərbaycan-Sloveniya münasibətləri müzakirə olunacaq

Siyasət Materials 1 Oktyabr 2009 10:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir S.Ağayeva/

Azərbaycan və Sloveniya arasında əməkdaşlıq perspektivləri noyabr ayında Bakıda yüksək səviyyədə müzakirə olunacaq.

Danışıqlar noyabrın 9-10-da Sloveniya Prezidenti Danilo Türkün Bakıya səfəri çərçivəsində keçiriləcək, bu barədə çərşənbə günü Trend -a Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşar bildirib.

"Səfərin təşkili üzrə işlərə artıq başlanılıb. Səfər zamanı imzalanacaq ikitərəfli sənədlər üzərində iş gedir. Ümumilikdə, Azərbaycan tərəfindən ikitərəfli əməkdaşlıq üzrə 6 sənəd layihəsi təqdim olunub, lakin səfər zamanı onlardan hansılarının imzalancağı məlum deyil. Sənədlər iqtisadi əməkdaşlıq sahələrini əhatə edir", - konsul bildirib.

İki ölkə prezidenti tərəfindən ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi və humanitar sahələrdə bütün aspektlərinə aid məsələlər müzakirə olunacaq. "Səfər zamanı əsas diqqət enerji əməkdaşlığına ayrılacaq", - Mequşar bildirib.

Səfər zamanı prezidenti 56 Sloveniya şirkətinin nümayəndələrinin daxil olduğu biznes nümayəndə heyəti müşayiət edəcək.

Sloveniya Prezidentinin Bakıya səfəri çərçivəsində iki ölkənin işgüzar şəxslərinin iştirakı ilə biznes-forumun təşkil olunması planlaşdırılır.

Azərbaycan və Sloveniya arasında əmtəə dövriyyəsi 2009-cu ilin yanvar-may aylarında 26,1 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti