Gürcüstan, Tbilisi, 05 oktyabr / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstanın Milli Hərəkat Partiyasının nümayəndələri Türkiyə Baş nazirinin dəvəti ilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) oktyabrın 3-4-də Ankarada keçirilən qurultayında iştirak ediblər.
Gürcüstanın Milli Hərəkat Partiyasının nümayəndə heyətinə parlamentin vitse-spikeri Qriqori Sereteli rəhbərlik edib. Deputat David Bejuaşvili və Gürcüstanın Türkiyədəki səfiri Tariyel Lebanidze də nümayəndə heyətinin tərkibində olub.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, qurultayda 20 ölkədən 20 minə yaxın nümayəndə iştirak edib.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan öz çıxışında partiyası qarşısında duran siyasi məsələlərdən, ölkənin siyasi və iqtisadi inkişafını gücləndirəcək yeni təşəbbüslərdən və Avropaya inteqrasiyanın perspektivlərindən danışıb. O qeyd edib ki, Türkiyə fəal regional əməkdaşlığı davam etdirməyə və Gürcüstana problemlərinin həllində dəstək olmağa hazırdır.
Qurultayda Ərdoğan yenidən partiyanın rəhbəri seçilib.
Gürcü nümayəndə heyəti səfər çərçivəsində AKP üzvləri ilə də görüşüblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]