Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir Ü.Sadıxova/
"Azərbaycanın mövqeyi birmənalıdır: biz həm BMT-nin, həm də İslam Konfransı Təşkilatının qətnamələri çərçivəsində müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik və inanırıq ki, müstəqil Fələstin dövləti yaradılacaq",- cümə axşamı Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov fələstinli həmkarı Riad əl-Maliki ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir deyib ki, Azərbaycan mümkün olan imkanları çərçivəsində Yaxın Şərq münaqişəsində vasitəçilik etməyə hazırdır.
Əl-Maliki beynəlxalq səviyyədə Fələstin probleminin ədalətli həllində göstərdiyi qəti və dəyişməz dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. "İki ölkə eyni problemlə üzləşib və beynəlxalq arenada bizim ölkələrimiz arasında hərəkət koordinasiyası olmalıdır", - Maliki deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
60 ildən artıqdır ki, İsraillə Fələstin administrasiyası arasında ərazi münaqişəsi mövcuddur. 2002-ci ildə ərəb ölkələri tərəfindən sülh təşəbbüsü qəbul olunub. Bu təşəbbüsə müvafiq olaraq İsrail öz ordusunu İordan çayının qərb sahillərindən və Şərqi Qüdsdən çıxarmalı idi.