Azərbaycan, Bakı, 07 yanvar / Trend , muxbir A.Hüseynbala /
Ötən il aprel ayının 30-da silahlı şəxs tərəfindən Dövlət Neft Akademiyasında insanların xüsusi amansızlıqla öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə ibtidai istintaqın müddəti cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq uzadılıb. Bu barədə cümə axşamı Trend -a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Sultanovun sözlərinə görə, hazırda iş üzrə istintaq yekunlaşmaq üzrədir. İstintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Ötən il aprelin 30-da saat 9.30 radələrində ali məktəbin Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.
Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.
Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu ələ keçməsin deyə özünü öldürüb.
Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.