...

Azərbaycan Prezidenti AzərTAc-ın 90 illik yubiley mərasimində iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul edib

Siyasət Materials 2 Mart 2010 01:59 (UTC +04:00)
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir.
Azərbaycan Prezidenti AzərTAc-ın 90 illik yubiley mərasimində iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul edib

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Prezident İlham Əliyev Bakıda keçirilən tədbirin uğurlu olacağına əminliyini bildirdi. Qeyd etdi ki, AzərTAc-ın yubileyi çərçivəsində keçirilən ənənəvi tədbir qonaqlara Azərbaycanla daha yaxından tanış olmaq imkanı yaradır. Dövlətimizin başçısı belə görüşlərin, aparılan fikir mübadilələrinin ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmaya daha geniş imkanlar açdığını vurğulayaraq dedi ki, bu baxımdan informasiya agentliklərinin, kütləvi informasiya vasitələrinin fəaliyyətindən çox şey asılıdır. Həqiqi məlumatın vaxtında verilməsi operativ qərarların qəbulu, proseslərin düzgün şərh edilməsi, ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında mühüm rol oynayır.

Azərbaycanın MDB məkanında inteqrasiya proseslərində fəal iştirak etdiyini bildirən dövlətimizin başçısı Bakı görüşünü KİV-lər arasında əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm hadisə kimi səciyyələndirdi.

Prezident İlham Əliyev son illər Azərbaycanda sosial-iqtisadi sahədə əldə edilən uğurlardan da danışdı. Ötən ilin bütün dünya üçün sınaq ili olduğunu söyləyən dövlətimizin başçısı, buna baxmayaraq, Azərbaycanda nəzərdə tutulan layihələrin hamısının uğurla həllini tapdığını diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın ikitərəfli əlaqələrdə əməkdaşlıq potensialından maksimum istifadə etməyə və bu əməkdaşlığı uzunmüddətli, qarşılıqlı hörmət və maraq əsasında qurmağa çalışdığını dedi. Qeyd etdi ki, ölkəmiz xarici siyasət sahəsində də böyük uğurlar əldə edibdir.

Daha sonra dövlətimizin başçısı bu yaxınlarda Bakıda keçirilən humanitar əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Forumunun əhəmiyyətindən danışdı. Rusiyanın siyasi, iqtisadi, mədəni həyatının bütün sahələrini təmsil edən nümayəndə heyətinin Forumda iştirakının önəmini vurğuladı.

Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin ölkələr arasında münasibətlərin genişlənməsindəki roluna toxunaraq dedi: "Buna baxmayaraq, kütləvi informasiya vasitələri daha yaxşı qarşılıqlı anlaşmaya, yaxınlaşmağa və əməkdaşlığın genişləndirilməsinə fəal kömək edə bilərlər. Lakin təəssüf ki, bəzən əksinə də olur. Bəzən hansısa yoxlanılmamış və ya qərəzli informasiya, yaxud sifariş xarakterli informasiya ikitərəfli münasibətlərə müəyyən dərəcədə zərər də vura bilər. Buna görə də biz hamımız - həm siyasətçilər, həm KİV nümayəndələri, həm də ictimai qurumlar əlbəttə, ilk növbədə, qarşımızda duran vəzifələrə məsuliyyətlə yanaşmalıyıq.
Onu da deməliyəm ki, sizin təmsil etdiyiniz informasiya orqanları bu baxımdan məhz özlərinin məsuliyyəti, ədalətliliyi, düzgün təhlil, eləcə də qərəzsiz olmaları ilə bütövlükdə müsbət mənada çox fərqlənir. Ona görə ki, müxtəlif KİV-lərin, o cümlədən informasiya agentliklərinin informasiya siyasəti, əlbəttə, müxtəlifdir. Bəziləri, bəlkə də çoxları informasiyanı yaymaqla kifayətlənmir. Bütün bunlar, o cümlədən analitik materiallar, xüsusən həqiqətən analitik xarakter daşıyan, tarixi həqiqətə əsaslanan materiallar çox vacibdir və əlbəttə böyük maraq doğurur. Onda əlbəttə düzgün təhlil aparmaq daha asan olur."

Azərbaycanda bir çox informasiya agentlikləri, yüzlərlə qəzet, elektron kütləvi informasiya vasitələrinin fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı bu istiqamətdə mühüm keyfiyyət dəyişikliklərinin baş verdiyini də vurğuladı. Prezident İlham Əliyev Bakıda keçirilən növbəti tədbirin də səmərəli olacağına və yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı MDB məkanında informasiya mübadiləsini gücləndirmək barədə yeni formalar üzərində düşünməyi tövsiyə etdi.

Prezident İlham Əliyev tədbir iştirakçılarına uğurlar arzuladı. Bildirdi ki, artıq 20 ildir ölkələrimiz müstəqilliyini bərpa etmişdir və MDB məkanında münasibətlər inkişaf edir, əməkdaşlığın formaları təkmilləşir. Bu, özünü KİV-də də göstərir. Humanitar əməkdaşlığın vacibliyindən danışan dövlətimizin başçısı bu sahədə əlaqələrin dinamikliyinin saxlanmasının vacibliyini bildirərək dedi: "İnanıram ki, MDB ölkələri və qonşu dövlətlər də əməkdaşlıqda maraqlıdırlar."
 
Prezident İlham Əliyev bir daha tədbir iştirakçılarına uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti